Azərbaycanda Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı çərçivəsində “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin təşviqi ilə bağlı genderə həssas innovativ kommunikasiya və media kampaniyasının həyata keçirilməsi” layihəsinin icrasına başlanılıb.

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən layihə çərçivəsində yanvarın 26-da “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin təşkilində məqsəd ödənişli və gender bərabərliyinə əsaslanan valideyn məzuniyyəti siyasətinin Azərbaycan Respublikası qanunvericiliyində əksini tapmasını təşviq etməkdir. Belə ki, gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti özündə həm qadınlar, həm də kişilər üçün iş və ailə həyatının ahəngdar və səmərəli uzlaşdırılmasını, sosial bərabərsizliklərin aradan qaldırılmasını, qadın və kişilər arasında vəzifələrin bölüşdürülməsini əks etdirir.

“Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və tədbirin moderatoru Leyla Tağıyeva çıxış edərək bildirib ki, gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılması və balanslaşdırılmış gender siyasətinin inkişafı üçün mühüm vasitə olmaqla, qadınların əmək bazarında iştirakının və ümumilikdə sosial rifahın yaxşılaşdırılmasına xidmət edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkəmizdə gender siyasəti sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdıraraq, qanunvericiliyin gender bərabərliyi üçün hüquqi baza olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan 1992-ci ildə “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib. Qanunlar özü-özlüyündə dövlətin siyasi iradəsinin göstəricisi kimi çox vacib rol oynayırlar.

Analıq məzuniyyətinin ödənişli olması sahəsində mövcud olan bəzi problemlərdən danışan komitə sədri deyib ki, analarla bərabər, atalar da valideyn-övladlıq münasibətlərində və ailə qayğılarında iştirak etməlidirlər. Diqqətə çatdırılıb ki, atalıq məzuniyyəti övladın dünyaya gəldiyi ilk gündən ona daha yaxın olmaq, erkən uşaqlıq dövrü inkişafı prosesində iştirak etmək imkanı yaradır. “Bu məzuniyyət ata ilə övlad arasında mənəvi bağların daha möhkəm əsasda formalaşmasına şərait yaradır. Həmçinin valideynlər arasında məsuliyyət və iştirak bərabər əsasda bölünür. Analıq, atalıq uşağın tərbiyə və təhsili, eləcə də ailədaxili digər məsələlər ər və arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir”, – deyə B.Muradova bildirib.

Bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayan komitə sədrinin sözlərinə görə, statistika qadın və kişilərin əməkhaqlarında fərq olduğunu göstərir. Son iki ildə bununla bağlı irəliləyiş olduğunu vurğulayan B.Muradova gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində maarifləndirmə işinin aparılmasının vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev diqqətə çatdırıb ki, ataların uşağa qulluq öhdəliklərini həyat yoldaşları ilə bərabər şəkildə paylaşması ailələrdə ədalətli davranış modelini təbliğ etməklə yanaşı, anaların əmək bazarında artan fəallığı nəticəsində ümumi nəsilvermənin ciddi şəkildə azalmasının da qarşısının alınmasına önəmli töhfə verə bilər. “Çox mütərəqqi haldır ki, Azərbaycan qanunvericiliyində kişilər üçün valideynlik məzuniyyətinə dair müddəa var. Lakin bu məzuniyyət ödənişsiz olduğuna görə çox az sayda əhali bundan faydalanır. Ata ilə övladın erkən yaşdan təmasının atalarla uşaqlar arasında daha sağlam münasibətlərin qurulması baxımından əhəmiyyətini, habelə demoqrafik inkişaf proseslərini nəzərə alaraq, ataları bu məzuniyyət imkanından faydalanmağa cəlb etməliyik və bunun təşviq edilməsi üçün qanunvericilik aktlarında müvafiq dəyişikliklər uğrunda çalışmalıyıq”, – deyə F.Babayev vurğulayıb.

Avropa İttifaqı ilə birlikdə gender stereotiplərinin aradan qaldırılması istiqamətində birgə işlər görüldüyünü diqqətə çatdıran BMT-nin Əhali Fondunun Azərbaycan üzrə nümayəndəsi paytaxtda və regionlarda maarifləndirmə işlərinin aparıldığını qeyd edib. Onun sözlərinə görə, təcrübələr göstərir ki, ataların övladlarının erkən yaş dövründə tərbiyəsində iştirak etməsi koqniativ və müsbət təsir göstərir. Bildirilib ki, ataların da ödənişli məzuniyyətdən istifadə edilməsi çox vacibdir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxışında qeyd edib ki, ölkəmizdə demoqrafik artım davam edir və təbii olaraq uşaqların tərbiyəsində valideynlərin üzərinə böyük məsuliyyət düşür.

Bildirilib ki, ölkədə gender bərabərliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyi sahəsində bir sıra məqsədyönlü işlər aparılır. “Bu sırada 169 maddəyə dəyişikliyi ehtiva edən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” irihəcmli qanun layihəsinin hazırlandığını qeyd etmək mümkündür. Sözügedən qanun layihəsinin bir elementi də atalıq məzuniyyəti ilə bağlıdır”, – deyə A.Kərimov diqqətə çatdırıb.

Nazir müavini mövcud məsələyə reallıqlar və perspektivlər nöqteyi-nəzərindən baxmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, Əmək Məcəlləsi imkan verir ki, bacı-qardaş, baba-nəvə övladların tərbiyəsində iştirak etsinlər.

Ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi Əmək Məcəlləsində tezliklə öz həllini tapacaq. A.Kərimov qadın və kişilərin əməkhaqlarında mütənasibliyin qorunmasını mühüm amillərdən biri kimi dəyərləndirib.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin əhəmiyyətindən danışarkən vurğulayıb ki, ailə cəmiyyət üçün böyük məna və əhəmiyyət ifadə edir. Ailə dövlətin xüsusi himayəsindədir. Bu məsələ ilə bağlı kifayət qədər qanunlar var, gender bərabərliyi qanunvericiliklə tənzimlənir.

Bildirilib ki, güclü ailə həm də güclü dövlət deməkdir. Vətən müharibəsində vuruşan gənclər müqəddəs ailə dəyərləri və vətənpərvərlik ruhunda tərbiyə olunan gənclərdir. Milli Məclisin komitə sədri vurğulayıb ki, qadınlarımız bir çox hallarda hamiləlikdən sonra müəyyən çətinliklərlə qarşılaşırlar və gərgin psixoloji hal keçirirlər. Qanunvericilikdə yeni doğulmuş uşağa qulluğa görə atalara 14 gün ödənişsiz məzuniyyət verilir, amma onlar ödənişsiz olduğu üçün və ailəni dolandırmaq səbəbindən işi buraxmaq istəmirlər. Atalara ödənişli məzuniyyət verilməsi vacibdir.

Sonra tədbirdə gender əsaslı valideynlik siyasətinin sosial və iqtisadi səmərələri, eləcə də bu istiqamətdə qabaqcıl təcrübəyə malik olan ölkələrin təcrübələri ətrafında geniş müzakirələr aparılıb.

Müzakirələrdə BMT-nin Əhali Fondunun (UNFPA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Milli Məclis komitələrinin, Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA), “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin, “Gender Hub” platformasının nümayəndələri iştirak ediblər.



İstinadlar Qafqazinfo