Azərbaycanda 2025-ci təsərrüfat ilində fındıq bağlarının dövlət dəstəyi ilə aqrar sığortasına başlanılıb.
Məlumata görə, ölkədə aqrar sığorta mexanizminin fermerlər üçün əsas üstünlüklərindən biri də sığorta haqqının 50 %-nin dövlət tərəfindən qarşılanmasıdır. Belə ki, fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısını dövlət ödəyir. Nəticədə fermerlər hesablanmış sığorta haqqının yalnız 50%-ni ödəyərək təsərrüfatlarını və əkin sahələrini sığorta etdirirlər.
Sığorta haqqı isə regionlardan asılı olaraq dəyişir. Məsələn, fındığın kütləvi şəkildə əkildiyi Xaçmaz rayonunda 1000 manatlıq məhsulu sığortalamaq üçün fermer cəmi 7,25 manat ödəməlidir. Zaqatala, Balakən və Qax rayonlarında isə 1000 manatlıq fındığın sığortası fermerə cəmi 20 manata başa gəlir. Artıq 2024-cü ildən etibarən fındıq sahələri üzrə sığorta ödənişlərinə də başlanılıb. Ötən il fındıq bağlarına dəymiş zərərlərə görə fermerlərə və təsərrüfatlara 4 737 manat sığorta ödənişi edilib.
Fındıq bağı sahibləri əlavə olaraq meyvə bağlarındakı ağacları ayrıca sığorta etdirə bilərlər. Bu halda, ağac tələf olarsa, fermerə ağacın 3 illik meyvə dəyəri qədər sığorta ödənişi verilir. Bu sığorta məhsulu üzrə sığorta tarifi cəmi 0,83% təşkil edir.
Məsələn, ildə 20 manatlıq məhsul verən naringi (mandarin) ağacının illik sığorta haqqı cəmi 50 qəpikdir. 50%-lik dövlət dəstəyini nəzərə aldıqda, fermer cəmi 25 qəpik ödəməklə ildə 20 manatlıq məhsul verən ağacı çoxsaylı risklərdən sığortalaya bilər.
Qeyd edək ki, fındıq Azərbaycanın demək olar ki, bütün ərazilərində əkilən bitkidir.