
Azərbaycanda Kommunikasiya Strategiyasının icrası nəticəsində onlayn qoşulmaların sayında əvvəlki dövrlə müqayisədə artım qeydə alınıb.
Bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında keçirilən növbəti iclası zamanı bildirilib.
“E-sistem” istifadəçilərinin sayının artırılması, bu istiqamətdə operativliyin təmin olunması, xidmətdə keyfiyyət səviyyəsinin artırılması və vaxt itkisinin qarşısının alınması məqsədilə gələn ay keçiriləcək “EnergyTech” adlı hakatonun təşkili ilə bağlı görülən işlər barədə məlumat verilib.
İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev iclasın gündəliyi haqqında məlumat verib. Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə çıxışında İşçi qrupunun əvvəlki iclaslarında qəbul edilmiş qərarların icrası haqqında fikirlərini bölüşüb.
Gündəliyə uyğun olaraq, İşçi qrupunun katibi tərəfindən “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində, İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planında və “Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə Kommunikasiya Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icra vəziyyətinə dair hesabatlar təqdim edilib.
“Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə Kommunikasiya Strategiyası”nda nəzərdə tutulmuş tədbirlər üzrə “Azərişıq” ASC tərəfindən görülmüş işlər müzakirə edilib. Şəbəkələrə qoşulma üzrə onlayn müraciətlərə dair statistik məlumatlar nəzərdən keçirilib.
“Azərişıq” ASC tərəfindən göstərilən elektron xidmətlərin təşkili üzrə qiymətləndirmənin nəticələrinə dair təklif və tövsiyələr müzakirə edilib. Elektron xidmətlərdən istifadənin təbliği və kütləviləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.