Cari ilin altı ayı ərzində respublikanın avtomobil yollarında qeydə alınan yol qəzalarının sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, bu ilin birinci yarımilliyi ərzində qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 99 fakt, başqa sözlə 12.7 faiz azalaraq 681 fakt təşkil edib:
“Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı ötən illə müqayisədə 54 nəfər azalaraq 333, xəsarət alanların sayı isə 71 nəfər azalaraq 598 olub”.
BDYPİ-dən bildirilib ki, qeydə alınan yol qəzalarının növləri sırasında piyadavurma, toqquşma, mane vurma, aşma hadisələri üstünlük təşkil edib.