Azərbaycan son illər həm kənd təsərrüfatının, həm də turizmin inkişafına diqqət artdığından bu iki sektorun kəsişməsilə formalaşan kənd turizmi – yəni, aqroturizm də inkişaf etməkdədir.
Məqsəd turistlərin kənd həyatına cəlb edilməsi, onların aqrar fəaliyyətdə iştirakının təmin olunmasıdır. Son nəticədə kəndlərdə yaşayan insanların gəlirləri artır, onların sosial rifahı yaxşılaşır.
Bəs Azərbaycanda bu sahə nə dərəcədə sürətlə inkişaf edir? “Report” mövzu ilə bağlı araşdırma aparıb.
Pandemiya aqroturizin inkişafına təkan verib
“Azərbaycan Aqroturizm Assosiasiyası” İctimai Birliyinin sədri Elçin Əkbərov deyir ki, Azərbaycanda kənd turizmi xüsusilə koronavirus (COVID-19) pandemiyası dövründə diqqəti cəlb etməyə başlayıb: “Pandemiya dövründə xaricə səyahət etmək mümkün olmadığından yerli turistlər aqroturizm obyektlərinə üz tutmağa başladılar. Bu isə bir tərəfdən kənd təsərrüfatı obyektlərinin gəlirliliyini artırdı, digər tərəfdən isə yerli əhalidə aqroturizm sahəsində təşəbbüskarlığın artmasına səbəb oldu. Ümumiyyətlə, son illər Azərbaycanda aqroturizmə maraq xeyli artıb. Xüsusilə Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara və Tovuz-Gədəbəy bölgələrində bu sahədə praktiki nümunələr mövcuddur. Meyvə bağları, arıçılıq və heyvandarlıq təsərrüfatları turistlər üçün maraqlı istiqamətlərə çevrilib”.
Ölkədə aqroturizm hərəkatı başlaya bilər
Onun sözlərinə görə, rəhbərlik etdiyi assosiasiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra ölkədə aqroturizm hərəkatı başlatmaq planları var: “Məqsəd insanlarda aqroturizm mədəniyyətinin bağça-məktəb yaşlarından formalaşdırılmasıdır. Bu istiqamətdə geniş maarifləndirmə tədbirlərinin görülməsi planlaşdırılır. Hazırda ölkədə böyük təsərrüfat sahiblərinin bu sahəyə marağı var, amma kiçik təsərrüfatların marağı getdikcə azalır. Bu sahəyə yeni nəfəs vermək üçün aqroturizm təsərrüfatları ilə təhsil müəssisələri – bağçalar və məktəblər arasında əlaqələr yaradılmalıdır. Bu əməkdaşlıq həm gənc nəslin kənd həyatına və aqrar sahəyə marağını artırar, həm də regionlarda dayanıqlı kənd təsərrüfatı biznesinin formalaşmasına töhfə verər”.
Kənd turizmi üçün standartlar və minimal tələblər olsun
Assosiasiya rəhbərinin sözlərinə görə, ölkədə aqroturizm fəaliyyəti üçün standartlar və minimal tələblər müəyyən olunmalıdır: “Keyfiyyətli və xidmət baxımından fərqlənən təsərrüfatların gələcəkdə Dövlət Turizm Agentliyinin marşrutlarına daxil edilməsi bu sahənin inkişafına səbəb olar. Bunda başqa, dünya təcrübəsində aqroturizm təsərrüfatlarına gələn turistlər burada könüllü çalışır, bunun əvəzində pulsuz yaşayış yeri və qida təminatı əldə edirlər. Bu model beynəlxalq səviyyədə “farmstay” adlandırılır və Azərbaycanda da bunun tətbiqi mümkündür”.
“Şəhərdən Kəndə” layihəsi Qarabağ və Şərqi Zəngəzuru da əhatə edəcək