
Hazırda Azərbaycanda 22 rayon üzrə 66 min hektar ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür.
Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
“Bu günə qədər 58.6 min hektar ərazidə 22 aqropark fəaliyyətə başlayıb, 2 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,2 milyard manat təşkil edir. Bununla yanaşı, aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 147 milyon manat dövlət dəstəyi göstərilib.
Belə ki, indiyə qədər 14 aqroparkın yaradılmasına nazirlik yanında Sahibkarlığın İnkişafı Fondu 131 milyon manat güzəştli kredit ayırıb, həmçinin investisiya təşviqi sənədi verilmiş 18 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,1 milyon manat güzəşt əldə edib”, – deyə o qeyd edib.