Ağsu rayonunda yaşayış evində baş verən yanğında bir nəfər ölüb.

Hadisə fevralın 11-i, gecə saat 02 radələrində Xatman kəndində qeydə alınıb.

82 yaşlı Akif Abdulovun arvadı Bahar Abdulova ilə birgə yaşadığı evdə yanğın başlayıb. Kişi arvadını evdən çölə çıxarsa da, özü yanğını söndürmək üçün içəridə qalıb. Nəticədə o, yanaraq ölüb.

Məlumata görə, yaşlı cütlük evdə odun sobasından istifadə edirmiş. Yanğın da həmin sobadan başlayıb.

Yanğın söndürüldükdən sonra evdən kişinin meyiti aşkar olunub. Meyit müayinə olunması üçün ekspertizaya göndərilib.

Ağsu rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, ötən gün eyni zamanda Şəmkir rayonunun Ələsgərli kəndində evin yanması nəticəsində 1960-cı il təvəllüdlü Əhmədova Mahı Bayraməli qızı vəfat edib. Gədəbəyin Düz Rəsullu kəndində mənzildəki yanğından sonra isə 1933-cü il təvəllüdlü Abbasova Kifayət Qədim qızının yanmış meyiti aşkar edilib.

İstinadlar Qafqazinfo