Azərbaycana qarşı hərbi əməliyyatlarda iştiraka görə Livan vətəndaşı Eulcakcian ayda 2-2,5 min ABŞ dolları alıb.

Bunu Bakıda Livan muzdluları üzərində bu gün keçirilən məhkəmə iclasında onun, videogörüntüləri təqdim olunan məşuqəsi Maral Nazaryan öz ifadələrində deyib.

M.Nazaryan dindirilən zaman bildirib ki, təqsirləndirilən şəxs pul müqabilində Qarabağda azərbaycanlılara qarşı döyüşüb: “Eulcekcian Viken Abraham qardaşımın dostu idi. Onunla ərimdən boşanandan sonra münasibət qurduq. Bir neçə dəfə Ermənistana gəlib, qayıtmışıq. Sonuncu dəfə 2020-ci ilin əvvəlində gəldik. Pandemiya səbəbindən uşaqlarımı Livana göndərdim. Daha bir müddət sonra isə özüm qayıtdım. Müharibə başlamazdan bir müddət əvvəl Eulcekcian Viken Abrahamın yanına qayıtdım. Sentyabrda müharibə başlayan zaman Viken Livandan tanıdığı bəzi şəxslərlə əlaqəyə girdi. Biz birlikdə Şuşaya gəldik. Həmin vaxt o, Hovak adlı Livan vətəndaşı ilə telefonla danışdı. Hovak ona təklif elədi ki, müharibədə döyüşmək üçün ayda 2000-2500 dollar verirlər. Bundan əlavə maaş da verəcəklər. Viken onunla razılaşdı. Mən ona etiraz etdim ki, sən Ermənistan vətəndaşı deyilsən və bu gələcəkdə bizə problem yaradacaq. Lakin o məni saymadı və döyüşlərə getdi. Mənimlə telefonla danışanda deyirdi ki, Xocavənd istiqamətindədir, müasir silahlarla, geyimlə təmin ediblər. 3-4 gündən sonra qayıtdı və dedi ki azərbaycanlılar çox güclüdür, xaricdən gələn muzdlular hamısı öldü, mən qaçdım. Biz daha sonra Laçına gəldik. Noyabrın 10-da eşitdik ki, müharibə qurtarıb. Biz Şuşadakı oteldən əşyalarımızı götürməyə gələndə Azərbaycan hərbçiləri bizi əsir götürdülər. Vikenin telefonunda döyüşdüyü şəkilləri görüb onu saxladılar”.

Təqsirləndirilən şəxs əvvəlcə M.Nazaryanın ifadəsinində yalan danışdığını deyib. Lakin ona səngərlərdə çəkilmiş foto və videogörüntülər nümayiş etdirilib. Bundan sonra o, məşuqəsinin ifadələri ilə razılaşıb,  amma eyni zamanda iddia edib ki, səngərlərdə yalnız fotoşəkil çəkdirib, döyüşməyib…

**

Məhkəmə Azərbaycana qarşı terror fəaliyyətində ittiham olunan Livan vətəndaşının vəsatətini təmin etməyib.

Qeyd edək ki, bu gün Yasamal Rayon Məhkəməsində Azərbaycana qarşı terror fəaliyyətində ittiham olunan Livan vətəndaşı V. Eulcekcianın işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir.

İclasda çıxış edən vəkil işin ilkin araşdırmaya qaytarılması barədə vəsatət qaldırıb. Dövlət ittihamçısı isə öz növbəsində vəsatətin əsassız olduğunu bildirib.

Prokuror qeyd edib ki, təqsirləndirilən şəxsə və onun vəkilinə ilkin istintaqda zəruri sübutlar təqdim edilib. Bu zaman nə təqsirləndirilən şəxs, nə də müdafiə tərəfi istintaqın gedişindən narazılıq bildirməyib. Ona görə də işin ilkin araşdırmaya qaytarılması barədə vəsatət təmin edilməyib.

Bundan sonra məhkəmə müşavirəyə gedib. Müşavirənin yekununa görə, məhkəmə Azərbaycana qarşı terror fəaliyyətində ittiham olunan Livan vətəndaşının vəsatətini təmin etməyib.