“Azərbaycan Respublikasının Prezidenti hər zaman olduğu kimi, fikirlərini kifayət qədər aydın və konkret şəkildə ifadə edib. Əgər Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir”.

Bunu açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Ermənistan XİN-in Azərbaycan Prezidentinin Ermənistana qarşı güc tətbiq etmək təhdidi ilə çıxış etdiyini iddia edən şərhinə cavab verən XİN rəsmisi deyib: “Dövlət başçımızın fikirlərini təfsir etmək istəyənlərin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan Prezidenti 20 aprel tarixli müsahibəsində Azərbaycana qarşı Ermənistanda baş qaldıra biləcək revanşizmdən və ərazi bütövlüyümüzə ola biləcək təhdidlərdən bəhs edib və “əgər mümkün təhdidi təsbit etsək, onu məhv edəcəyik… çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir” – deyə vurğulayıb. Bu isə Ermənistan XİN-in iddia etdiyi kimi, Ermənistanın ərazi bütövlüyünə təhdid deyil, əksinə Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə ola biləcək hər hansı təhdidi cavablandırmaq qətiyyətimizin göstəricisidir.

Xatırlatmaq istərdim ki, dövlət başçısı müsahibəsində, eyni zamanda Azərbaycanın əməkdaşlığa hazır olduğunu söyləyib, Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində törətdiyi soyqırımı və tarixi, mədəni, dini abidələrimizin dağıdılmasına rəğmən bizim gələcəyə baxmalı olduğumuzu vurğulayıb.