“Cənab Prezident, Sizinlə razılaşdıq ki, istər Azərbaycan investorları, istərsə də misirli investorlar üçün ölkələrimizdə asanlaşdırıcı tədbirlər görülsün və onlara kömək göstərilsin. Əsasən də əczaçılıq sahəsində müştərək müəssisələrin və müştərək investisiyaların yaradılması da bizim aramızda əldə olunan razılaşmadır”.
Bu fikirləri Misir Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 28-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşündə deyib.
“Cənab Prezident, görüşümüz zamanı bütün sahələrdə özünü büruzə verən qarşılıqlı anlayış, istər siyasi, istər iqtisadi, istər digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində hər iki tərəfin siyasi iradəsinin mövcudluğu bu əlaqələrin tez bir zamanda daha da gücləndiriləcəyinə məndə əminlik yaradır. Eyni zamanda, Azərbaycan xalqının Ümummilli Lideri, Misir xalqının yaxın dostu mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə də təbriklərimizi Sizə çatdırmağı şərəf bilirəm” – Misir Prezidenti bildirib.