Azərbaycan və Kanada vergi ombudsmanları arasında vergi ödəyicilərindən şikayətlərin ilkin daxil olması mexanizmləri müzakirə edilib.
Müzakirələr iki ölkənin Vergi ombudsmanlığı arasında keçirilən onlayn formatda görüşdə aparılıb.
Məlumata görə, görüşdə Kanadanın vergi ombudsmanı Frensis Boylü ilə yanaşı komandasında təmsil olunan əməkdaşlar, Azərbaycan tərəfdən isə Vergi ombudsmanı Elçin Məmmədov, Dövlət Vergi Xidmətinin Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev və digər şəxslər iştirak ediblər.
A. Quliyev Azərbaycanda Vergi ombudsmanı institutunun təsis olunması, fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və perspektivlər barədə ətraflı məlumat verib. Öz növbəsində, F. Boylü vergi ödəyicilərindən şikayətlərin ilkin daxil olması mexanizmləri, araşdırılması və cavablandırılması, prosesin ümumilikdə izlənməsi qaydaları ilə bağlı ölkəsinin təcrübəsini bölüşüb. Belə bir görüşün baş tutmasından məmnunluğunu ifadə edən E. Məmmədov müsbət təcrübələrin tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüş zamanı ən yaxşı təcrübələrin tətbiqi istiqamətində işlərin görülməsi məqsədilə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.