Azərbaycan və ispan memarlar azad edilmiş ərazilərdə birgə layihə həyata keçirəcəklər.
Bu barədə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “F-Holding” arasında ali təhsil müəssisənin rektoru Gülçöhrə Məmmədova ilə şirkətin direktoru Fərid Mustafayevin imzaladığı anlaşma memorandumunda qeyd olunub.
Sənədin imzalanma mərasimi İspaniya memarlarının və memarlıq şirkətlərinin universitetə səfəri çərçivəsində baş tutub.
Dövlət-özəl əməkdaşlığına əsaslanan memorandumda xarici mütəxəssislərin AzMİU-da Memarlıq fakültəsində tədrisə, müxtəlif proqramlara, ustad dərslərinə cəlb olunması, konfrans və konqreslərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda birgə layihələrin işlənilməsi, xüsusilə gələcəkdə ispan memarların da iştirakı ilə işğaldan azad olunmuş ərazilərlə bağlı layihələrin işlənilməsi planlaşdırılır.
“F-Holding”in təsisçisi, İspaniyadakı Azərbaycan diasporunun tanınmış simalarından olan Fərid Mustafayev memorandomun imzalanması mərasimində qeyd edib ki, Azərbaycan memarlarının xaricdə, həmçinin xarici memarların Azərbaycanda fəaliyyətinə şərait yaradaraq Azərbaycan memarlığına töhfə verməyə çalışacaqlar: “Qarabağ işğaldan azad olunub. Həmin ərazilərdə abidələrin restavrasiyasında xarici memarların fəaliyyətinə dəstək olacağıq. Bununla həm də biz dünyaya bir daha 30 il işğalda qalan torpaqlarımızın necə dağıdıldığını bir daha göstərəcəyik”.