Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının (ADB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yingming Yangın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Məlumata görə, nazir bildirib ki, aqrar sahədə qabaqcıl təcrübənin tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Azərbaycan bu tərəfdaşlığı daha da gücləndirəcək və ölkəmizin davamlı inkişaf məqsədlərinə töhfə verə biləcək yeni təşəbbüslərin müzakirəsinə xüsusi önəm verir. Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafı siyasəti və strategiyası əsasında ADB ilə səmərəli əməkdaşlıqda maraqlıdır. Görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunulub, bu mötəbər tədbirin iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə vacib hadisə olduğu vurğulanıb.

Y.Yang öz növbəsində təmsil etdiyi qurumun fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdikləri kənd təsərrüfatı layihələri barədə geniş məlumat verib, Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq imkanından danışıb. Görüşdə Bankla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələrin əhəmiyyəti vurğulanıb, gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Tərəflər gələcək əməkdaşlıq üçün prioritet istiqamətlər – aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su ehtiyatlarının tam qorunması, resursların səmərəli istifadə və idarə olunması, aqro-ərzaq sistemlərinin rəqəmsal transformasiyası, qida istehsalı və emalı sahəsində beynəlxalq standartlara cavab verməklə ixrac potensialının artırılması, aqrar sahədə təhsil, təlim və elmi-tədqiqat işlərinin gücləndirilməsi, kənd yerlərinin və icmaların davamlı inkişafı üçün dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

İstinadlar Report