Azərbaycan və Ukrayna arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək məqsədilə Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradılıb. 

Azərbaycanın Kiçik və Orta Biznesi İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə yaradılmış şurada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox iş adamı və dövlət qurumlarının nümayəndələri təmsil olunur. 
 
İyunun 24-də Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında KOBİA və Ukraynanın Ticarət və Sənaye Palatası arasında Saziş imzalanıb və Şuranın ilk iclası keçirilib. İşgüzar Şuranın yaradılması haqqında sazişi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov imzalayıblar. 


 
KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş iclasda hər iki ölkənin dövlət qurumlarının nümayəndələri və iş adamları iştirak ediblər. 

İclasda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Ukrayna-Azərbaycan İşgüzar Şurası ölkələrimizin işgüzar dairələri arasında səmərəli dialoqun davam etdirilməsi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da inkişafı məqsədilə yaradılıb. 
 
Tədbir çərçivəsində həmçinin, AZPROMO ilə Ukraynanın Xarici İşlər Nazirliyi yanında İxracatçılar və İnvestorlar Şurası arasında əməkdaşlığa dair Memorandum, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyası ilə Ukraynanın Poltava Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında razılaşma sənədi imzalanıb. 
 
Ukrayna-Azərbaycan İşgüzar Şurasına Azərbaycan tərəfdən “Baku Business Group” MMC-nin direktoru Anar Quliyev, Ukrayna tərəfindən isə “Bratslav” şirkətlər qrupunun təsisçisi Petr Mixayenko sədrlik edəcəklər.  
İclas iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.



İstinadlar Qafqazinfo