Tütün dünyanın 130-a yaxın ölkəsində istehsal edilsə də, onun ixracında əsas paya 12 dövlət daxildir. Tütün istehsalı ilə məşğul olan aparıcı ölkələr hər il təxminən 7 milyon ton tütün istehsal edir. Onun istehsalı üzrə lider ölkə isə Çindir. Burada orta hesabla illik tütün istehsalı təxminən 2,5 milyon ton təşkil edir. Sıralamada növbəti yerləri Hindistan və Braziliya tutur. Belə ki, Hindistanın tütün istehsalında payı təxminən 10 %, Braziliyada təqribən 8,6 %-dir. Üçüncü yerdə 7 %-lik göstərici ilə ABŞ qərarlaşıb. Doğrudur, son illərdə tütün məmulatlarından istifadəyə dair məhdudiyyətlər tətbiq olunsa da, bu, kənd təsərrüfatının böyük potensiala malik sahələrindən biri hesab edilir.

“Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Rövşən Şərifov “Report”a ölkədə tütünçülük sahəsi ilə bağlı vəziyyət, onun inkişafı yolu barədə danışıb.

Böyük perspektivlər

R.Şərifov qeyd edib ki, Azərbaycanda bu sahənin inkişafı ilə bağlı böyük perspektiv var: “Dünyada ən keyfiyyətli tütünün yetişdiyi üç ölkədən biri Azərbaycandır. Bu məqamda qeyd etmək istərdim ki, Azərbaycanda sovet dönəmində 60 min ton tütün istehsal olunurdu. Hazırda ölkədə cəmi 2 000-3 000 ton tütün istehsal edilir. Odur ki, tütünçülüyün problemini araşdırmaq və bu istiqamətdə məsələləri həll etmək lazımdır”.

O əlavə edib ki, bu sahədə ən böyük problem standartların olmaması ilə bağlıdır: “Yəni buraya torpağa tələbatdan başlayaraq toxum, becərmə, emal, qablaşdırma, logistikaya qədər məsələlər daxildir. Bunlarla bağlı standartlar olmalıdır. Bundan sonra bu sahədə fəaliyyət göstərənlər bu standartlar çərçivəsində məhsul istehsal etməlidirlər. Bu halda biz tütünçülükdə böyük nəticələr əldə edə bilərik. Nəticədə bu, gəlirli sahə kimi iqtisadiyyatımızda yer tuta bilər”.

Assosiasiya rəhbəri bildirib ki, hazırda Azərbaycan üçün tütünün ixracında Avropa perspektivli bazardır: “Odur ki, biz Avropanın tələblərinə uyğun olaraq standartlar hazırlamalıyıq. Bizim tərəfimizdən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bu standartlarla bağlı layihə hazırlanaraq təqdim olunub. Bizim layihəmiz bəyənilsə də, onun həyata keçirilməsi üçün hələ də konkret addımlar atılmayıb”.

“Kənddə yaşamaq bu sahəni dərindən bilmək anlamına gəlmir”

R.Şərifov hesab edir ki, tütünün istehsalına ilk növbədə torpaq təsir göstərir: “Azərbaycanda həyata keçirilmiş torpaq islahatı çərçivəsində torpağa, onun xüsusiyyətlərindən xəbəri olmayanlar da sahib oldu. Belə insanlar heç vaxt torpaqdan səmərəli şəkildə istifadə etməyib və istifadə etməyəcək. Kənddə yaşamaq hələ kənd təsərrüfatı sahəsini dərindən bilmək demək deyil. Torpaqların eroziyaya uğramasının əsas səbəbkarlarından biri məhz həmin insanlardır”.

Digər problemlər sırasına, o, toxumu, becərməni və yığım prosesini də əlavə edib: “Ümumiyyətlə, tütün bir dəfəyə yığılmır. Onun yarpaqları aşağıdan yuxarıya doğru yığılır. Onun yetişmə fazasını rəngə görə müəyyən edirik. Yarpaqların gec yığılması keyfiyyətə təsir göstərir. Bundan başqa, yarpaqların qurudulması mühüm əhəmiyyət kəsb edir. Bizə müasir qurutma şkafları gətirilib. Amma həmin şkaflarla bağlı problemlər var. Təxminən 5 il bundan əvvəl Balakəndə yeni qurutma şkafları quraşdırıldı. Lakin bu sahəyə aidiyyəti olmayan, qeyri-peşəkar şəxslərin onunla məşğul olması nəticəsində həmin qurğularda tütün qurudula bilmədi”.

Assosiasiya rəhbəri vurğulayıb ki, yığım, qurutma proseslərində sortlaşdırma çox vacib məsələdir: “Beləki əla növ tütünün qiyməti 5 ABŞ dolları, birinci növün qiyməti 4 ABŞ dolları, ikinci növün qiyməti isə 2 ABŞ dolları təşkil edir. Amma bizdə sortlaşdırmanın düzgün getməməsi üzündən alıcı onu aşağı qiymətə alır. Bu da gəlirin aşağı düşməsinə səbəb olur. Odur ki, ilk növbədə müasir tələblərə uyğun olaraq standartlar tərtib edilməlidir. Tütünün keyfiyyətinə, qiymətinə təsir edən amillərdən biri onun xüsusi şəraiti olan anbarlarda saxlanılmasıdır. Bununla bağlı da standartlar olmalıdır. Təəssüf ki, bu gün sadalanan tədbirlərin həyata keçirilməsi üçün dəstək mexanizmi yoxdur”.

Azərbaycan zavodları xarici tütünləri istifadə edir

R.Şərifov bildirib ki, Azərbaycan tütünü əsasən Rusiya və Ukrayna daxil olmaqla MDB ölkələrinə ixrac edir: “Bir neçə il bundan əvvəl azərbaycanlı tütünçü ilk dəfə olaraq Avropaya tütün ixrac etdi. Amma bu zaman məlum olub ki, bu istiqamətdə çətinliklər var. Bu çətinliklər isə əsasən standartlarla bağlıdır. Yəni bizim ölkədə istehsal olunan tütün Avropanın tələblərinə uyğun deyil. Odur ki, qeyd edildiyi kimi, Avropa tələblərinə uyğun olaraq standartlar hazırlamalıyıq. Ümumiyyətlə, Azərbaycan istehsal etdiyi tütünün hamısını ixrac edir. Bu səbəbdən yerli istehsalçılar bizim tütünümüzdən istifadə etmirlər. Azərbaycanda böyük siqaret zavodları xarici brendlər altında fəaliyyət göstərdiklərinə görə tütün qarışıqlarını xaricdən hazır şəkildə tədarük edirlər”.

Onun sözlərinə görə, ölkədə əsasən “Virciniya” sortu tütün istehsal olunur: “Amma Azərbaycanda digər tütün sortlarının yetişdirilməsi üçün şərait var. “Virciniya” sortunun müxtəlif altsortları var. Ölkə təbiəti müxtəlif olduğuna görə Azərbaycanda hansı altsortlarının yetişdirilməsi ilə bağlı standart müəyyən edilməlidir. Tütünçülüyün perspektivlərini nəzərə olaraq bu sahə ilə bağlı ayrıca proqram qəbul edilə, layihə həyata keçirilə bilər”.

İstinadlar Report