“Azərbaycan Türkiyənin kədərini öz kədəri kimi qəbul edir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

O vurğulayıb ki, Türkiyədə baş verən zəlzələ bütün Azərbaycan xalqını da sarsıdıb:

“Hesab edirəm ki, Azərbaycan dövlətinin və cəmiyyətinin baş vermiş fəlakətə reaksiyası, atılan addımlar bizim xalqlarımız arasında münasibətlərin nə qədər möhkəm təməllər üzərində qurulduğunu bir daha təsdiq edir”.

Deputat vurğulayıb ki, Azərbaycan təbii fəlakətin baş verdiyi ilk saatlarda qardaş Türkiyəyə yardım edən ölkə olub:

“Prezidentin tapşırığına əsasən baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardım həyata keçirilir. Bu günə qədər təyyarələr və avtomobil karvanı göndərilib. Təbii ki, bunlar son deyil, yardım davam edir”.

R.Məmmədov xatırladıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardım göstərilir. Eyni zamanda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına başlanılıb:

“Türkiyə səfirliyinin çağırışına dəstək məqsədilə keçirilən bu kampaniya çərçivəsində daha çox ehtiyac duyulan ləvazimatları toplanılaraq zəlzələnin baş verdiyi bölgələrə çatdırılacaq. Yəni, yalnız dövlət tərəfindən yardım edilmir, bu prosesə vətəndaş cəmiyyəti də qoşulub. Sadə vətəndaşlar, özəl şirkətlər bildiyiniz kimi, bütün imkanlarını səfərbər edərək bu yardım kampaniyalarında iştirak etməyə çalışır. Bütün bunlar onu göstərir ki, Azərbaycan və Türkiyə arasında münasibətlər tamamilə fərqli, bənzəri olmayan münasibətlərdir”

Deputat əmindir ki, bundan sonra da ehtiyac hiss edildiyi qədər Azərbaycan qardaş ölkədən öz köməyini əsirgəməyəcək. O, Prezident İlham Əliyevin zəlzələdə xəsarət alanların müalicəsi, eləcə də dağılmış ərazilərin bərpasında Azərbaycanın da iştirak etməyə hazır olduğunu bildirdiyini xatırladıb:

İstinadlar Report