Oktyabrın 31-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlərə, eləcə də qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.

AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, rəqabətədavamlı qeyri-neft istehsalının stimullaşdırılması, ixracatçılara yaradılmış əlverişli imkanlar, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

Yusif Abdullayev bildirib ki, bu ilin əvvəlindən 8 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 9 anlaşma memorandumu imzalanıb. Ümumilikdə indiyədək sahibkarlara 6,9 mln. manat, bu ilin yanvar-sentyabr aylarında isə 3,7 mln. manat məbləğində ixrac təşviqi ödənilib.

Nəzərə çatdırılıb ki, qeyri-neft məhsullarının ixracı üçün mövcud və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə tətbiq olunan mexanizmlərdən biri də bazar araşdırmalarının aparılmasıdır. İndiyədək ixracla məşğul olan sahibkarlıq subyektlərinin müraciətləri əsasında ümumilikdə 12 bazar araşdırması aparılıb.

Oxumağa dəyər:   Putin Makronla Qarabağdan danışdı

Mətbuat konfransında bildirilib ki, yanvar-sentyabr aylarında Azərbaycan şirkətlərinin “Made in Azerbaijan” vahid ölkə stendi ilə 8 beynəlxalq sərgidə iştirakı təmin olunub. Belə ki, şirkətlərimiz “Beynəlxalq Yaşıl Həftə – 2018”, “Fruit Logistica 2018”, “Prodexpo 2018”, “Worldfood Moscow 2018”, “Gulfood 2018”, “Sial China”, “6-cı Çin-Avrasiya”, “KazBuild 2018” beynəlxalq sərgilərdə iştirak ediblər. İlin əvvəlindən vahid ölkə stendi mexanizmi çərçivəsində 3,5 mln. dollar dəyərində müqavilə imzalanıb, artıq 2,6 mln. dollar dəyərində məhsul ixrac olunub.

Bu ilin yanvar-sentyabr ayları ərzində Ukrayna, Latviya və Çində “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb. Ümumilikdə isə, hazırda 4 xarici ölkədə “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Bu ilin sentyabrında Çində ilk “Azərbaycan Şərab Evi” açılıb.

Ölkəmizin ixrac və investisiya imkanlarının təşviqi, Azərbaycan məhsullarının xarici bazarlarda tanıldıması tədbirlərinın davamı olaraq, 2018-ci ilin sonunadək Çin, Bolqarıstan, BƏƏ və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil ediləcək.

Oxumağa dəyər:   Havaya atəş açdı, tutuldu

Qeyd olunub ki, şirkətlərimiz bir neçə gün əvvəl başa çatmış “Sial Paris” beynəlxalq ərzaq sərgisində uğurla təmsil olunublar. İlin sonunadək isə Azərbaycan şirkətləri Çində keçiriləcək “Çin Beynəlxalq İdxal” və “Prowine China” sərgilərində vahid ölkə stendi ilə iştirak edəcəklər.

 

İstinadlar Qafqazinfo