Azərbaycan Səudiyyə İnkişaf Fondunun biznes vahidləri ilə əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsini müzakirə edib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib

“Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və həmkarlarını ölkəmizdə qarşılamaqdan məmnun olduq. Fondun dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələrin əhəmiyyətini vurğuladıq, prioritet sahələr üzrə yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsini və biznes vahidləri ilə əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsini müzakirə etdik”, – deyə o qeyd edib.

***

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə M.Cabbarov Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyini bildirib, Fondun dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələrin əhəmiyyətini vurğulayıb.

Nazir iqtisadiyyatın prioritet sahələrinə, o cümlədən sənaye, enerji və kənd təsərrüfatı sahələrinə investisiya qoyuluşu, Səudiyyə Ərəbistanı investorlarının işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirakı imkanlarını qeyd edib.

Sultan Əbdülrəhman Əl-Marşad ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin, aparılan müzakirələrin iqtisadi-ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, yeni birgə layihələrin icrası perspektivlərindən danışıb.

Tərəflər dövlət-özəl tərəfdaşlığı, Orta Dəhliz çərçivəsində reallaşdırılan “yaşıl” enerji layihələri, investisiyalar və digər prioritet sahələr üzrə yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsini, biznes vahidləri ilə əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsini müzakirə ediblər.

İstinadlar Report