Azərbaycanın Latın Amerikası ölkələrindəki səfiri Məmməd Talıbov Kolumbiyanın yeni seçilmiş Prezidenti Qustavo Petro ilə görüşüb.

Səfir bu barədə tviter hesabında bildirib.

M.Talıbov qeyd edib ki, Kolumbiya Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin ən xoş arzularını çatdırıb.

“Biz ikitərəfli münasibətlərimizin əhəmiyyətindən və əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən iqtisadi potensialından danışdıq”, – səfir qeyd edib.

Azərbaycanın Latın Amerikası ölkələrindəki səfiri daha əvvəl Kolumbiyanın yeni Prezidentinin andiçmə mərasimində iştirak edib.

Kolumbiyada sol partiyaların “Tarixi Pakt” koalisiyasından ölkə Prezidenti seçilmiş Qustavo Petro avqustun 8-də dövlət başçısı səlahiyyətlərinin icrasına başlayıb.