Bu gün Topaz Premyer Liqasında 2015/16 mövsümünə yekun vurulub

Çempionatın sonuncu – XXXVI turunun qarşılaşmaları eyni gündə keçirilib.

Birinci və ikinci yerin sahiblərinə daha əvvəldən aydınlıq gəldiyi üçün yekun turu əsasən bürünc medalların hara gedəcəyi baxımından əhəmiyyətli idi.

Gəncədə bu yerə iddia edən 3 komandadan ikisi bir-biriləri ilə mübarizə aparıblar. “Kəpəz” “Qəbələ”ni qəbul edib. Roman Qriqorçukun yetirmələrinin taleyi öz əlində idi. “Qırmızı-qaralar” ələ düşən fürsətdən layiqincə yararlanıblar. İkinci hissədə Aleksey Qayın vurduğu yeganə qolla minimalhesablı qələbə qazanan qonaqlar çempionatı üçüncü pillədə başa vurublar.

“Bürünc”ün üçüncü “adaxlısı” “İnter” isə artıq “gümüş”ü özü üçün təmin etmiş “Zirə” ilə oynayıb. “Bankirlər” bu mövsümün ilkinə imza ataraq “Zirə”ni məğlub etsələr də, Gəncədə qeydə alınan nəticəyə əsasən, “bürünc” arzusunun üzərindən xətt çəkməli olublar. Oyuna gəlincə isə bu matçda da 90 dəqiqənin nəticəsini 1 qol təyin edib. “İnter”in müdafiəçisi Abbas Hüseynovun qolu yeganə olub.

Oxumağa dəyər:   Paşinyanın arvadı açıq-saçıq geyiminə görə təhqir edildi - FOTOLİNK

Bu saatın digər oyunu isə turnir cədvəlinin sonuncusunun kimliyini müəyyən edib. “Rəvan”la səfər matçında 2:2 hesablı bərabərliyə razılaşan “Xəzər Lənkəran” mövsümü sonuncu pillədə başa vurub.

Günün son iki matçı isə avrokuboklara sonuncu vəsiqənin sahibini müəyyənləşdirib. Avrokuboklara sonuncu vəsiqəyə iddia edən “Neftçi” səfərdə “Sumqayıt”la qarşılaşıb. “Ağ-qaralar” matçı məğlub başa vurublar – 1:2.

Ancaq bununla belə, Vəli Qasımovun yetirmələri Avroliqaya vəsiqəni qazana bilib. Belə ki, çempion “Qarabağ”la qarşılaşan AZAL da oyundan 0:3 hesablı məğlubiyyətlə ayrıldığı üçün turnir cədvəlindəki sıralama dəyişməyib.

Beləliklə, Topaz Premyer Liqasının 2015/16 mövsümünün qalibi “Qarabağ”, gümüş mükafatçı “Zirə”, üçüncü pillənin sahibi isə “Qəbələ” olub.

Növbəti mövsüm Azərbaycanı Avrokuboklarda “Qarabağ” (Çempionlar Liqası), “Kəpəz”, “Qəbələ” və “Neftçi” (hər üçü Avropa Liqası) təmsil edəcəklər.

Qeyd edək ki, “Zirə” və “İnter” turnir cədvəli sıralamasına görə Avrokuboklara getməli olsalar da, debütant UEFA-nın yüksək dəstədə minimum 3 il iştirak tələbini qarşılaya bilmədiyi, “bankirlər” isə Avropanın ali futbol qurumu tərəfindən cəzalandırıldıqları üçün qitə miqyaslı yarışlara buraxılmayıblar.

Oxumağa dəyər:   Telefonunuzu kiməsə danışmaq üçün verəndə diqqətli olun!

Mövsümün bombardiri isə 15 qolla “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana olub.