Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin bütün güşələrində və xüsusi olaraq paytaxtımız Bakı şəhərində yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir.

Bir sözlə Azərbaycan parklar ölkəsinə çevrilir. Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Artıq şəhərdəki park, bağ və istirahət məkanlarının sayı 300-ə yaxındır.

Az müddət ərzində paytaxtımız Bakı şəhərində əvvəllər istifadəsiz olan, baxımsız qalmış, həmçinin bəzi işbazlar tərəfindən müxtəlif məqsədlərdən ötrü zəbt edilərək hasarlanmış ərazilərdə xeyli müasir park salınmış, həmçinin bir neçə park əsaslı təmir edilərək paytaxt sakinlərinin istifadəsinə verilib və bu prosses davam edir. Vətəndaşlarımızda yeni istirahət mədəniyyəti formalaşır.

Bu gün həmin parklardan bir neçəsində sakinlərimizin və şəhərimizin çoxsaylı qonaqları üçün yaradılan şəraitlə tanış olacağıq.

Paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni “Çəmbərəkənd” parkı bu il iyun ayının 8-də Prezident cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Sahəsi dörd hektar olan bu parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Sakinləri sevindirən əsas məsələlərdən biri isə bu parka ərazinin tarixi adının verilməsi olub. Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib. Parkın ərazisində müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib.

Axşam saatlarında, istirahət günlərində parka gələn sakinlərin sayı daha da artır. İnsanlar ailə üzvləri, yaxınları ilə parkdakı istirahət guşələrinə toplaşır, pikniklər təşkil edirlər.

Bakı şəhərinə gözəllik verən daha bir məkan Yasamal rayonundakı salınmış meşə tipli parkdır. Dörd hektar ərazini əhatə edən parkın sahəsinin 70 faizi meşə zonasından ibarətdir.

Qısa müddət ərzində sakinlərin sevimli istirahət yerinə çevrilən bu park şəhərsalmanın standartlarına və müasir tələblərə uyğun şəkildə qurulub. Ərazi yüksək səviyyəli infrastruktur əsasında abadlaşdırılıb. Yeni park həm də şəhərin sosial-ekoloji vəziyyətinin yaxşılaşması baxımından əhəmiyyətlidir. Bu parkda da insanların asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılıb. Sakinlər üçün söhbətgahlar quraşdırılıb, fitnes, əyləncə zonaları yaradılıb, oturacaqlar qoyulub.

Yeni parklar və yaşıllıq məkanlarının yaradılması paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradır.







İstinadlar Qafqazinfo