Pakistan İslam Respublikasının İslamabad şəhərində təsis edilmiş Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılış mərasimi keçirilib.
Təşkil edilmiş tədbirdə əsas qonaq qismində Pakistan İslam Respublikasının investisiya naziri Abdul Aleem Khan, xarici ölkələrin Pakistandakı səfirləri, Pakistanın dövlət qurumlarının, o cümldən Xarici İşlər Nazirliyinin, habelə ictimaiyyət, mədəniyyət və hər iki ölkədə biznes fəaliyyəti ilə məşğul olan şirkətlərin nümayəndələri iştirak ediblər.
İlk öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib, Azərbaycanda biznes və investisiya mühitinə dair videoçarx nümayiş olunub.
Tədbirdə iki qardaş ölkə arasındakı yüksək səviyyəli diplomatik münasibətlərin iqtisadi əlqalərəimizin inkişafına möhkəm zəmin yaratdığını qeyd edən ölkəmizin Pakistandakı səfir Xəzər Fərhadov Azərbaycanda investisiya imkanları, digər vergi güzəştləri və təşviqlər, bu mənada 31.12.2027-ci il tarixinədək Pakistandan idxal edilən həmin ölkə mənşəli düyünün idxal gömrük rüsumundan azad edilməsi ilə bağlı danışaraq, iki dost və qardaş ölkə arasında potensial əməkdaşlıq imkanları barədə iştirakçıları məlumatlandırıb.
Daha sonra, Pakistanın investisiya naziri Abdul Alim Xan, Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Atif Ikram Şeyx və Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının sədri Əhsən Zəfər Bəxtəvarinin çıxışları dinlənilib. Məruzəçilər çıxışları zamanı Azərbaycan və Pakistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticarət əlaqələrinin də artan tendensiya üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Bununla belə xarici investorlar üçün ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti və biznes imkanları, Pakistan şirkətlərinin ölkəmizdə fəaliyyəti barədə danışılıb.
Sonda Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının rəmzi açılışını bildirən qırmızı lent kəsilib, xatirə şəkilləri çəkilib.