Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Şəhram İranini qəbul edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. İran İslam Respublikası Ordusunun HDQ Günü münasibətilə qonağı təbrik edib. Müdafiə naziri Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini qeyd edib, hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən kontr-admiral Ş.İrani ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası, eləcə də Azərbaycan Ordusunda əldə olunan nailiyyətlərlə əlaqədar müdafiə nazirini təbrik edib.

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin salamlarını çatdırıb. HDQ komandanı belə görüşlərin ikitərəfli hərbi əməkdaşlığa müsbət töhfələr verəcəyindən əminliyini ifadə edib.

İstinadlar Report