Azərbaycan ABŞ-ın Florida ştatının Mayami şəhərində keçirilən “İllik Mədəniyyət Festivalı”nda təmsil olunub.
Festivalda 300-dən çox dövlətin mədəniyyəti nümayiş olunub.
Azərbaycan üçün ayrılan guşədə milli atributlarımız, ölkəmizin zəngin tarixini və mədəniyyətini əks etdirən müxtəlif əşyalar nümayiş etdirilib. Milli geyimdə olan azərbaycanlı gənclər qonaqlara xalqımızın ən qədim adət- ənənələrindən biri olan xına yaxmaq mərasimini nümayiş etdiriblər. Stendi ziyarət edən qonaqların əllərinə xına ilə müxtəlif naxışlar vurulub.
Guşədə milli musiqilər səslənib, rəqslər nümayiş olunub və qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar. Şəhər rəsmiləri Azərbaycanın stendini ziyarət edib, həmvətənlərimizlə görüşüblər.
Mayami-Dade dairəsinin meri Daniella Levin Kava Azərbaycan mədəniyyətinə öz heyranlığını dilə gətirib. O, Azərbaycanın festivalda yüksək səviyyədə təmsil olunduğunu bildirib və Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvü Nabat Eminova “Təşəkkürnamə” təqdim edib.
Yerli media Azərbaycan stendi barəsində geniş xəbər yayımlayıb.