“Sizə məlumat verdiyim kimi, biz Tiranada səfirlik açırıq”.

Bunu dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü zamanı deyib.

“Əvvəla, Albaniyaya səfərim zamanı mənə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm. Razılığa gəldiyimiz kimi, biz fəal dialoqu davam etdirəcəyik. Sizin səfəriniz artıq razılaşdırılmış məsələlərin gedişatını izləmək xarakteri daşıyır. Hər iki tərəfdən bütün tapşırıqlar verilib. Heyətlərimiz fəal şəkildə işləyirlər. Mənim rəsmi səfərimin nəticələri olduqca müsbətdir. Bizim əlaqələrimiz güclənir və yeni imkanlar yaranır. Sizə məlumat verdiyim kimi, biz Tiranada səfirlik açırıq və bu da əməkdaşlığımızın vacib bir əlamətidir. Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq. Bir daha xoş gəlmisiniz”, – dövlət başçısı bildirib.

“Azərbaycanın Albaniyada səfirliyinin açılması çox vacib məsələdir”.

Bunu Albaniyanın Baş naziri Edi Rama dekabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşü zamanı deyib.

“Bu mənim üçün şərəfdir. Mən də təşəkkürümü ifadə etmək istəyirəm. İcazə verin deyim ki, məsələlərin gedişatı ilə bağlı təəssüratım heyrətamizdir. İndi ölkəmizdə Azərbaycan səfirliyinin açılması çox vacib bir məsələdir. Qalan digər məsələlərə gəldikdə isə Siz dediyiniz kimi, biz işi davam etdirməliyik”, – o bildirib.

Qeyd edək ki, son zamanlarda İran və Albaniya arasında gərginlik yüksəlib. İran Albaniyanı ölkə əleyhdarlarına baza olmaqda, qarşı tərəf isə Tehranı ölkəyə kiber hücumlarda ittiham edir. Nəticədə Albaniya İran səfirliyinin bütün əməkdaşlarını ölkədən qovub.