
“Azərbaycan Ermənistandakı atom elektrik stansiyasının (AES) fəaliyyəti ilə bağlı ortaya çıxan təhlükəsizlik risklərindən narahatdır”.
Bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş Konfransının 67-ci sessiyasında çıxışı zamanı deyib.
“Biz dövlətlərin nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə hüququnu tam dəstəkləyirik. Lakin bu texnologiyalar transsərhəd xarakter daşıdığından potensial nəticələr də nəzərə alınmalıdır. Azərbaycan, o cümlədən, Metsamor AES ilə bağlı risklərdən narahatdır”, – nazir müavini bildirib.
Onun sözlərinə görə, Ermənistandakı AES 1976-1980-ci illərdə aktiv seysmik zonada köhnəlmiş texnologiyalar əsasında tikilib. “Köhnəlmiş texnologiyaların istifadəsi və avadanlığın köhnəlməsi, eləcə də seysmik aktiv regionun olması – bütün bunlar Metsamor AES-i bütün region üçün narahatlıq mənbəyinə çevirir”, – T.Əmiraslanov vurğulayıb.