“İranın Azərbaycanın daxili işlərinə qarışması, Ermənistanla arasında olan məsələlərə özünü aid etməsi yolverilməzdir. Azərbaycan-Ermənistan münasibətlərinin İrana heç bir adiyyatı yoxdur”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Son günlər İranda Azərbaycanla bağlı təhdid dolu bəyanatların səsləndirilməsindən söz açan deputat qeyd edib ki, bu hal xalqımızda böyük narazılığa səbəb olub.

Onun sözlərinə görə, özünü İslam Respublikası adlandıran dövlət məscidləri təhqir edən Ermənistanın rəhbərliyi ilə dostluq-qardaşlıq münasibətləri saxlayır: “Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədən sonra çox ləng formada da olsa münasibətlərin qurulması prosesi gedir. Azərbaycan qarşı tərəfə normal qonşuluq münasibətləri təklif edir, Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanımır, ölkəmizə qarşı təxribatlar törədir. Sərhədlərin delimitasiya prosesi baş tutmadığı halda guya özünün sərhədlərinin pozulması barədə iddialar irəli sürür. Bütün bunların fonunda gah İran parlamentində, gah da hərbi dairələrində Azərbaycana qarşı təhdid dolu çağırışlar edilir. Biz isə bu cür münasibəti qəbul edə bilmərik”.

Deputat əlavə edib ki, İran Azərbaycanın öz hüquqlarını bilən, öz müstəqilliyini, suverenliyini qorumağı bacaran bir ölkə olduğunu bilməlidir: “Azərbaycan-Ermənistan münasibətlərinin İrana heç bir adiyyatı yoxdur. Bu iki ölkə aralarında olan münasibətləri özləri tənzimləyəcək. Danışıqlar gedir və Azərbaycan münasibətlərin normallaşdırılması üçün beş prinsip irəli sürüb. Ermənistan da bu prinsipləri qəbul edib. Belə olan halda İranın burada sərhədlərlə bağlı fikir bildirməsi yolverilməzdir. İran ancaq özünə aid olan məsələlərə münasibət bildirə bilər və Ermənistanla olan münasibətlərini Azərbaycanla olan münasibətlərə qatmamalıdır. Ermənistanın bir zamanlar işğalda saxladığı Azərbaycan ərazilərində məscidlərimizi, ibadət yerlərimizi dağıtmasına baxmayaraq, rəsmi Bakı İranın Ermənistanla olan ikitərəfli yaxın əlaqələrinə müdaxilə etmir”.

İstinadlar Report