Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqların dəyişdirilməsi cəhdlərinə yol verməyəcəyini deyib.

Deputat “Report”a açıqlamasında bildirib ki, son günlər Qərb mediası, xüsusilə Fransa ilə yanaşı, Ermənistan KİV-lərində Azərbaycana qarşı təxribat xarakterli məlumatların sayı kəskin artıb.

Onun sözlərinə görə, biz bütün bu təxribatların və Azərbaycana qarşı aparılan kampaniyanın bir mərkəzdən idarə edildiyinin şahidiyik: “Ermənistan və Fransa başda olmaqla onun havadarları Cənubi Qafqazda postmünaqişə dövründə normallaşma vəziyyətini gərginləşdirmək üçün yeni təxribatlar yaratmağa çalışırlar. Cənubi Qafqazda gedən proseslərin Azərbaycan əleyhinə dəyişməsi üçün bir neçə istiqamətdə addımlar atılır. Bunlardan birincisi informasiya müharibəsidir. Fransa mediasında və Avropa İttifaqının, həmçinin dünyanın tanınmış KİV-lərində Azərbaycanın Ermənistana hücuma hazırlaşması kimi “feyk” xəbərlər yayaraq informasiya mübarizəsini daha da gərginləşdirir. Cənubi Qafqazda yeni müharibənin olacağı barədə absurd fikirlər səsləndirilərək günahı Azərbaycanda axtarmağa çalışırlar. Eyni zamanda, Ermənistan qurban rolunda təqdim edilərək Fransa Ermənistanı ciddi şəkildə silahlandırmağa davam edir”.

Milli Məclisin üzvü qeyd edib ki, Fransa müdafiə nazirinin şəxsən İrəvana gəlməsi, hərbi təyyarə fonunda Fransa televiziyalarına müsahibə verməsinin, Paşinyanın Fransaya səfərinin, həmçinin Yunanıstanla qarşılıqlı səfərlərin də özlüyündə bir sıra məqsədləri var: “Onlardan birincisi Ermənistanın Fransa tərəfindən silahlandırılmasını ört-basdır etmək, eyni zamanda Fransanın Cənubi Qafqazdakı təxribatçı addımlarını maskalayaraq bütün günahı Azərbaycanın və Türkiyənin üzərinə atmaq cəhdləridir. Bütün bunlarla yanaşı, dünyadakı erməni təşkilatlarının da Paşinyanla münasibətlərinin yaxşılaşdırılması istiqamətində də cəhdlərin olduğu görünür. Xüsusilə, Fransadakı daşnak ideologiyasına xidmət edən təşkilatların Paşinyanla mövqelərinin yaxınlaşdırılması barədə öhdəliyi də sanki bu ölkə öz üzərinə götürüb”.

Deputat bildirib ki, Paşinyan erməni, daşnak ideologiyasına xidmət edən radikal diaspor təşkilatları ilə fikir ixtilaflarına malikdir: “Lakin Fransa və Ermənistanın məkrli planlarının aparıldığı şəraitdə biz həmin fikir ayrılıqlarının kənara qoyulduğunu və sanki bütün resursların Azərbaycana qarşı səfərbər edildiyinin şahidi oluruq. Bütün bu proseslər Fransa və Ermənistanın Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəmədiyini göstərir. Ermənistanın silahlandırılması, şərti sərhəd zolağında təxribatlara əl atılması və bütün bunlarda Azərbaycanın günahlandırılması faktları mövcuddur. Avropa İttifaqı missiyasının mandatı olmamasına baxmayaraq, şərti sərhəd zolağında casus, kəşfiyyat xarakterli addımlar atır və həm onların, həm də Fransanın casus şəbəkəsi artıq ifşa edilib. Prosesləri analiz edərkən aydın olur ki, yeni destruktiv hərbi-siyasi alyans sürətlə formalaşmaqdadır. Bu alyansa daxil olan Fransa, Yunanıstan, Yunan Kipri və Hindistan kimi ölkələrin Ermənistana dəstək verərək revanşist qüvvələri alovlandırmaqla regionda yeni xaosun yaranmasını dəstəkləmək deməkdir”.

O xatırladıb ki, tarix boyu bir sıra qüvvələrin əlində Türkiyəyə, Azərbaycana qarşı istifadə edilən erməni maşını yenidən Fransa və Avropa İttifaqındakı bəzi destruktiv güc mərkəzləri tərəfindən Azərbaycanla Türkiyə əleyhinə istifadə edilir: “Təəssüf ki, Ermənistan bu gün də ondan alət kimi istifadə olunmasına imkan yaradır. Bu, onların öz seçimidir, ancaq nəzərə alsınlar ki, Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni reallıqların dəyişdirilməsi cəhdlərinə yol verməyəcək. Bizim maraqlarımız və keçilməz qırmızı xətlərimiz var ki, bu günədək olduğu kimi, bundan sonra da onları qoruyacağıq”.

İstinadlar Report