“Azərbaycanın Beynəlxalq Məhkəmədə Ermənistana qarşı iddia qaldırmasında məqsəd erməni tərəfinin yerləşdirdiyi minaların partlaması nəticəsində azərbaycanlıların qətlə yetirilməsinə və əlil olmasına son qoymaqdır”.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

“Azərbaycan bu gün yalnız bir məqsədlə məhkəməyə müraciət edib: 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın yerləşdirdiyi partlayıcı qurğuların partlaması nəticəsində etnik və milli mənsubiyyətinə görə azərbaycanlıların davamlı şəkildə qətlə yetirilməsinə və əlil olmasına son qoymaq”, – E.Məmmədov bildirib.

Onun sözlərinə görə, cəmi 1 il əvvəl Ermənistan məhkəmədə Azərbaycan Respublikasının ərazisində yerüstü minalar yerləşdirmədiyini iddia etsə də, bütün bunlar yalandır: “Azərbaycan Ermənistan tərəfindən yerüstü minaların və partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı yeni faktlar aşkar edib”.

Nazir müavini qeyd edib ki, 2021-ci il dekabrın 7-də əvvəlki məhkəmə qərarının elan edilməsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunmuş və Azərbaycan ərazisində yerləşdirilmiş 2700-dən çox yeni mina aşkar edilib ki, bunların 1800-dən çoxu Ermənistan-Azərbaycan sərhədindən uzaqda yerləşən mülki yaşayış məntəqələrinin yaxınlığında tapılıb.

İstinadlar Report