
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) keçirdiyi “Vergi kommunikasiyasının gələcəyi: Rəqəmsal transformasiya şəraitində imkanlar və çağırışlar” mövzusunda kommunikasiya forumunda iştirak edib.
Məlumata görə, rəqəmsal formatda baş tutan foruma IOTA-ya üzv olan 36 vergi administrasiyasından 150-yə yaxın iştirakçı qatılıb. Tədbirdə IOTA üzvlərinin kommunikasiya sahəsində rəqəmsal alətlərin tətbiqi, süni intellektdən istifadə, ictimaiyyətlə əlaqələrin təkmil səviyyədə təşkili mexanizmləri ilə bağlı təcrübələri dinlənilib. Azərbaycan, İtaliya, Finlandiya, Fransa, Norveç və Birləşmiş Krallıqdan olan nümayəndələr təqdimatlarla çıxış ediblər.
Tədbirin ilk günü rəqəmsal kommunikasiya sahəsində müxtəlif təşəbbüslər, kampaniyalar və süni intellektin tətbiqi mövzularına həsr olunub. Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin əməkdaşı Ülkər Nəbiyeva “Rəqəmsal transformasiya çərçivəsində kommunikasiyanın təşkili” mövzusunda təqdimatla çıxış edib. O, təmsil etdiyi qurumun rəqəmsal kommunikasiya sahəsində tətbiq etdiyi mexanizmlər, informasiya təminatı sahəsində müasir alətlər və media üzrə təcrübəsi barədə məlumat verib, kommunikasiya sahəsində süni intellekt modullarından istifadə edilən sahələri diqqətə çatdılıb. Tədbirdə İtaliyanın Gəlir Agentliyinin həyata keçirdiyi sosial media kampaniyaları, Finlandiyanın vergi kommunikasiyasında süni intellekt texnologiyasının tətbiqi təcrübəsi və Norveçin vergi orqanlarının vergi kommunikasiyalarının rəqəmsal transformasiyasında süni intellektdən istifadə qaydaları barədə mövzular dinlənilib.