Azərbaycanın Avropa İttifaqı ölkələrinə xurma ixracı arta bilər.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Qadir Yusifov bildirib.
“Artıq Azərbaycan xurması Macarıstan, Polşa, Çexiya və Estoniya kimi ölkələrə az da olsa ixrac edilib. Tədricən ixracın həcmi artacaq, məhsulumuz həmin bazarlarda özünə yer tutacaq. Biz eyni zamanda Moldova, Belarus, Qazaxıstana və Birləşmiş Ərəb Əmirliklərinə də xurma ixrac edirik”, – deyə o qeyd edib.
Q.Yusifovun sözlərinə görə, 2023-cü ildə Azərbaycanda 2022-ci ilə nisbətən 1,5 % çox – 187,1 min ton xurma istehsal edilib: “Bunun isə 164,9 min tonu ixrac edilərək 127,2 milyon ABŞ dolları gəlir əldə olunub. Bu isə illik müqayisədə 12,1% çox olmaqla 2015-ci ildən bəri rekord həddir”.