Azərbaycan Ankarada keçirilən Beynəlxalq Mədəniyyət Günü Festivalında təmsil olunub.

Beynəlxalq festival OSTİM (Orta Doğu Sənaye və Ticarət Mərkəzi) Texniki Universitetində baş tutub.

Beynəlxalq Mədəniyyət Festivalında Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan, Özbəskitan, Hindistan, Misir, Anqola, Mozambik və s. ölkələr öz milli mədəniyyətlərini və mətbəxlərinə dair stend təqdim ediblər.

Azərbaycanı Türkiyədəki səfirlik və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Festival çərçivəsində stenddə Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair nəşrlər, Heydər Əliyev Fondunun layihəsi ilə nəşr olunan kitablar, milli mədəniyyəti əks etdirən suvenirlər, xalça və kilimlər nümayiş olunub, milli mətbəximizin nümunələri təqdim edilib.

Beynəlxalq festivalın rəsmi açılışında OSTİM Texniki Universitetinin rektoru professor Murat Yülek çıxış edərək onlarla ölkənin iştirak etdiyi festivalın bir mədəniyyət bayramına çevrildiyini qeyd edib.

Tədbirin bədii hissəsində Türkiyə və iştirakçı ölkələrin musiqi və rəqs qrupları çıxış edib. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Xəzər” Rəqs Ansablı milli rəqslər ifa ediblər.

İştirakçı ölkələrin səfirləri, mədəniyyət mərkəzlərinin direktorları Azərbaycan stendi ilə tanış olublar və milli mədəniyyətimizə dair nümunələr festival iştirakçılarının diqqətini çəkib.

İstinadlar Report