Azərbaycan Albaniya ilə bu ölkənin Korça şəhərinin qazlaşdırılmasını müzakirə edib.

Bunu Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP 28) çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Albaniyanın Baş nazirinin müavini – infrastruktur və energetika naziri Belinda Balluku arasında görüşü zamanı bildirilib.

Məlumata görə, tərəflər həmçinin iki ölkə arasında xam neftin tədarükü və digər perspektiv istiqamətlərdə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

Görüşdə iki ölkə arasında münasibətlərin yeni müstəvidə inkişafından məmnunluq ifadə edilib.

Albaniyanın enerji təhlükəsizliyinin təmin edilməsi və qaz tranziti ölkəsi kimi inkişafında Azərbaycanla enerji əməkdaşlığının mühüm rolu qeyd olunub.

Həmçinin Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupu əsasında Birgə Hökumətlərarası Komissiyanın yaradılması və Komissiyanın iclasının Bakıda keçirilməsi ilə bağlı məsələlər də müzakirə edilib.

İstinadlar Report