“Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olmuşdur. Azərbaycan ötən il hazırda sədrlik etdiyi iki beynəlxalq təşkilatın-Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantıları, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu təşəbbüslər bizim beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyimizi bir daha nümayiş etdirmişdir”.

Bu sözləri Prezident İlham Əliyev martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik:

“Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə yardımı etmişik. Azərbaycan koronavirusla əlaqədar dünyanın 30-dan artıq ölkəsinə humanitar və maliyyə yardımı edib.

Azərbaycan yanvar ayının 18-dən peyvəndləmə prosesinə başlayıb. Biz regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biriyik.

Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq.

Azərbaycan bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırır və mən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət edirəm”.

İstinadlar Qafqazinfo