Azərbaycan 24’ informasiya portalı MEDİA Agentliyi tərəfindən onlayn media resurslarına maliyyə yardımı müsabiqəsinin 2022-ci il üçün nəticələrinə etiraz olaraq bu qurumla əməkdaşlığı dayandırıb.

Saytımızın etirazına səbəb tərəfimizdən müsabiqənin şəffaf keçirilməsi ilə bağlı əsaslı şübhələrin olmasıdır. Belə ki, bu dəstək müsabiqəsi əsasən maliyyə imkanları məhdud, lakin yetərli izləyici kütləsinə malik saytlar üçün nəzərdə tutulsa da, qalib elan olunan saytların əksəri böyük maliyyə imkanlarına malik, bir qismi isə ictimai rəyə heç bir ciddi təsiri olmayan saytlardır. Bu isə müsabiqənin şəffaf şəkildə keçirilməsi ilə bağlı ciddi şübhələr və narazılıqlar yaradır. İnsanların adlarını belə tanımadığı bəzi saytların müsabiqədə ‘qalib gəlməsi’ Media Agentliyinin ‘KİVDF-nin üsulları ilə’ yəni, tapşırıq, tanışlıq, hətta təmənna ilə ‘müsabiqə’ keçirdiyini iddia etməyə əsaslar verir.

Azərbaycan 24’ü  təkcə ‘facebook’ və ‘instagram’ hesablarında gündəlik 500 minə yaxın auditoriyanın (sosial media hesablarımız müdaxiləsiz, təbii yolla artıb) izləməsinə rəğmən saytımızın qaliblər sırasında yer almaması və ölkənin ictimai rəyinə təsiri olmayan bəzi saytların hansısa yollarla ‘qalib’ elan edilməsinə kəskin etirazımızı bildirir və MEDİA Agentliyinin müsabiqəni şəffaf keçirməsinə şübhələrimizi elan edirik

Azərbaycan 24’ portalı məsələ ilə bağlı Prezident İlham Əliyev və I Vitse-prezident Xanım Mehriban Əliyevaya da müraciət edəcək.