“Fransanın bölgədə sülhə xidmət etməyən səyləri heç bir nəticə verməyəcək”.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin E.Makronun TF1 kanalında EN DIRECT proqramına müsahibəsi zamanı səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb.
Onun sözlərinə görə, müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən Fransanın ərazisində bir çox xalqların və etnik azlıqların firavan yaşadığı Azərbaycana dərs keçməyə çalışması qəbuledilməzdir. Eyni şəkildə, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın indi ermənilərin hüquqlarını müdafiə etdiyini bildirməsi Fransa tərəfinin saxta niyyətindən xəbər verir.