“Şuşanı bərpa etməklə şəhərin tarixini qoruyub saxlayır, eyni zamanda onu müasirləşdirir və yaşayış üçün rahatlaşdırırıq”.

Bunu Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun (WUF 11) XI sessiyasında yerli və regional hakimiyyət orqanlarının rolu mövzusunda keçirilən “dəyirmi masa”da deyib.

Prezidentin xüsusi nümayəndəsi “dəyirmi masa” iştirakçılarına ölkəmiz üçün xüsusi tarixi-mədəni və strateji əhəmiyyət kəsb edən, 30 ildir işğal altında olan Şuşa şəhərinin bərpası istiqamətində görülən işlərdən danışıb.

“Şəhəri bərpa etməklə onun tarixini qoruyuruq. Doğma şəhərinə qayıtmağı səbirsizliklə gözləyən keçmiş məcburi köçkünlərimiz yeni infrastrukturun şahidi olacaqlar. Çalışırıq, müasir yanaşmalar tətbiq edilsin ki, Şuşada yaşayacaq insanlar bu tarixi şəhərdə özlərini rahat hiss etsinlər”, – A.Kərimov bildirib.

Onun sözlərinə görə, Şuşa şəhərinin əvvəlki görkəmini canlandırmaq və daha da inkişaf etdirmək üçün planlaşdırma işlərinə başlanılıb.

A.Kərimov qeyd edib ki, Şuşada 200-ə yaxın tarix və mədəniyyət abidəsi var, lakin onların bir hissəsi Ermənistanın işğalı zamanı tamamilə məhv edilib, digər hissəsi isə zədələnib və ya dağıdılıb.

İndi isə işğaldan sonra mədəniyyət abidələri, muzeylər, məscidlər, kilsələr fəal şəkildə bərpa olunur.

Şuşa qalasının qala divarları və daha 4 abidə artıq bərpa edilib.

Aydın Kərimov qeyd edib ki, ötən ilin aprelindən şəhərin bərpası Baş Plan çərçivəsində sistemli şəkildə həyata keçirilir. Baş plan şəhərin tarixi-memarlıq irsinin və çoxəsrlik tarixinin qorunub saxlanılması nəzərə alınmaqla tərtib edilib.

Baş plana uyğun olaraq Şuşada da yeni məktəb binasının, xəstəxananın, məscidin, beşulduzlu mehmanxananın, konfrans mərkəzinin, televiziya qülləsinin tikintisinə başlanılıb.