Təkmilləşdirmə işləri çərçivəsində paytaxtda bəzi dayanacaqların yerinin dəyişdirilməsi və ya ləğv edilməsi, bəzi yerlərdə isə yeni dayanacaqların yaradılacağı istisna edilmir
Dayanacaqlardakı avtobus informasiya terminalları ilə bağlı yaranmış problem də tədricən həll olunacaq.

Bu barədə milli.az-a açıqlamasında Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rauf Mirqulamov bildirib.

Şöbə müdirinin sözlərinə görə, hazırda Bakıda avtobus danayacaqlarında 611 avtobus informasiya terminalı var ki, onların aktiv və insanlara yararlı olması ilə bağlı yeni planlar var: “Hazırda dayanacaqlarda quraşdırılmış bəzi monitorlar işləmir. Bu isə vətəndaşlara dayanacaqlarda marşrutlarla bağlı məlumat əldə edilməsində problemlər yaradır. Bunun əsas səbəbi heç də onların vətəndaşlar tərəfindən xarab edilməsi yox, kimlərsə tərəfindən yaxınlıqda hansısa tikinti və ya qazıntı işləri aparılarkən haradasa terminalların kabelllərinin zədələnməsidir. İşləyən, lakin avtobuslar barədə məlumat əldə etmək mümkün olmayan monitorlarla bağlı vəziyyət isə başqadır.

Məlumdur ki, yeni avtobus xətləri açılır, bəzi xətlər bağlanır, bəzi marşrutların hərəkət trayektoriyasında dəyişiklik edilir. Ola bilər ki, yaxın zamanalarda yenə də dəyişikliklər baş versin. Ona görə də avtobuslarla bağlı optimallaşdırma və təkmilləşdirmə işləri başa çatdıqdan, avtobusların marşrutları, qrafiki və gəlmə-getmə vaxtları aydınlaşdıqdan sonra ola bilər ki, terminalların proqram təminatı dəyişdirilsin və yeni informasiyalar həmin monitorlara kompleks şəkildə yüklənsin. Çünki hər dəfə yenilik olanda terminalların proqram təminatında dəyişiklik etmək çətin olur, müəyyən vaxt tələb edir. Yəni problemin həlli NİİM-dən asılı deyil”.

Lakin R.Mirqulamov qeyd edib ki, bütün bu işlər bir dəfəyə yox, mərhələlərlə həyata keçiriləcək. Ona görə də vətəndaşlardan bir az da səbrli olmaları xahiş edilir.