Xəbər verdiyimiz kimi, “Avroviziya” mahnı müsabiqəsində Azərbaycandan münsif səsverməsi zamanı texniki problem yaşanıb.

Yarışmanın rəsmi resursunda Azərbaycan münsiflərinin Ukraynaya 6 səs verdiyi görünüb.

Azərbaycan münsiflər heyəti isə Ukraynaya 12 bal verildiyini bildirib.

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında paylaşım edib:

“İTV-nin və “Avroviziya” təşkilatçılarının bir-birini ittiham edən açıqlamalarından hansı qənaətə gəlmək olar?

Beləliklə, İTV və Avropa Yayım Birliyinin rəsmi açıqlamalarına əsasən baş verənləri aşağıdakı xronoloji ardıcıllıqla düzmək olar:

1. İTV (Azərbaycan Münsifləri) “Ukrayna 12 bal” qərarını öncədən “Avroviziya” təşkilatçılarına (AYB) göndərib;

2. AYB bu qərarı bizim münsiflərin yarımfinal səsləri ilə müqayisə edərək, şübhə ilə qarşılayıb. Lakin bu haqda İTV-yə məlumat verilmir və bizim münsiflər bundan xəbərsiz olur;

3. Bizim münsiflərin qərarını şübhə altına alan AYB final zamanı İTV-dən tələb edir ki, canlı yayımda “başqa nəticələr” açıqlansın;

4. İTV bundan imtina edir və dərhal AYB təşkilatçılarına baş verənlərlə bağlı sorğu göndərir, canlı yayımda münsiflərin özəl qərarının açıqlanacağı və məsələnin ictimailəşdiriləcəyi bildirilir;

5. Məhz bundan sonra AYB yarımfinalda olanlara əsaslanaraq, Azərbaycan tərəfdən “düzgün olmayan səsvermə sxemindən” istifadə edildiyini bildirir;

6. Finalın sonunda isə Azərbaycanla canlı bağlantı alınmır və münsiflərimiz “Ukrayna 12 bal” qərarını canlı olaraq elan edə bilmir. Azərbaycan tərəfi bağlantının alınmamasını AYB-nin təqsiri səbəbindən baş verdiyini bildirir. AYB isə Azərbaycan tərəfinin sorğusuna əsasən, bunun texniki problem olduğunu bildirib;

7. Canlı bağlantı alınmadığından AYB yarışın finalı ilə bağlı İTV-nin deyil, öz nəticələrini elan edir və Ukraynaya 6 bal verildiyi elan olunur;

8. İTV bütün baş verənlərlə bağlı hər hansı rəsmi açıqlama vermir, İTV nümayəndələri sadəcə canlı bağlantı imkanının AYB tərəfindən yaradılmadığını elan edir;

9. Finaldan dərhal sonra AYB Azərbaycan tərəfinin səsvermə qaydalarını pozduğunu və münsiflərin manipulyasiya etdiyini, Azərbaycan və daha 5 ölkənin münsiflərinin müsabiqədən kənarlaşdırıldığını rəsmi açıqlayır. Azərbaycan tərəfinə sübutlar təqdim edilmir;

10. Bir gün sonra İTV baş verənlərlə bağlı AYB-ni ittiham edən rəsmi açıqlama yayır və ədalətli araşdırma tələb edir, bunun nəticəsindən asılı olaraq növbəti addımlar atılacağını bildirir”.

Osman Gündüz araşdırılmalı məqamlarla bağlı mövqeyini də ifadə edib:

“1. Yarışın yayımı prosesində iştirak edən telekommunikasiya operatorlarına sorğular verməklə canlı bağlantının nə üçün alınmamasını aydınlaşdırmaq olar;

2. İtaliya təhlükəsizlik qurumuna sorğu verməklə final anında kiberhücumun olması və bunun canlı bağlantıya təsirləri haqqında məlumat almaq olar”.

O vurğulayıb ki, hazırda cəmiyyəti daha çox narahat edən məsələ odur ki, baş verənlər Azərbaycana qarşı ikili standartlardır, yoxsa doğrudanmı, İTV qəsdən canlı bağlantıya qoşulmayıb:

“Doğrudanmı, bizim münsiflər manipulyasiya edib?

Bu baxımdan ,AYB-nin Azərbaycana qarşı ittihamında irəli sürülən “yarımfinal və final mərhələsində verilən səslərdəki “qəribəlik”, “düzgün olmayan səsvermə sxemi” məsələlərinə İTV-nin daha ağlabatan formada aydınlıq gətirməsi faydalı olardı”.

İstinadlar Qafqazinfo