Avropada qazın qiyməti, necə deyərlər, lap kəllə-çarxa qalxıb. Bir neçə aydır davam edən kəskin bahalaşma tendensiyası son günlər daha da artıb və birjalarda qış ayları üçün bağlanan kontraktlar üzrə min kubmetr təbii qazın qiyməti hətta 970 dollara qədər qalxıb. Doğrudur, bu rekord uzun sürməyib və daha sonra qazın qiyməti bir qədər geriləyib, təxminən 800 dollara qədər enib. Amma bu özü də çox yüksək rəqəmdir və avropalı istehlakçıların bu qış ötən qışa nisbətən təbii qaza görə az qala 3 dəfə artıq ödəyəcəklərini göstərir.

Avropada qazın bu cür kəskin, hətta ifrat bahalaşması bu bazara yeni çıxan Azərbaycan üçün təbii ki, sərfəlidir. Cənub Qaz Dəhlizinin (“Şahdəniz-2” yatağında hasilat, üstəgəl TANAP və TAP kəmərlərinin çəkilməsi)  başa gəlməsi üçün 40 milyard dollardan çox investisiya qoyulub. Bu investisiyanı daha tez geri götürmək üçün qazın qiymətinin indiki kəskin artımı göydəndüşmədir. Bəs Azərbaycan bu il-qiymətlərin durmadan artdığı bir vaxtda Avropaya nə qədər qaz satıb və hansı qiymətə satıb?

virtualaz.org xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara görə, Azərbaycan yanvar-avqust aylarında Avropaya 3.6 milyard kubmetrdən artıq qaz (dəqiq rəqəm 3,621, 896 kubmetrdir) ixrac edib. Və bu həcmdə qaza görə 1 milyard dollara yaxın (dəqiq rəqəm 986 milyon 278 min dollar) vəsait ödənilib. Başqa sözlə, ilin 8 ayı ərzində Azərbaycanın Avropaya ixrac etdiyi qazın orta qiyməti hər min kubmetrə görə cəmi 278 dollara yaxın olub.

Komitənin rəqəmlərindən görünür ki, TAP kəməri ilə  Avropaya ixrac olunan Azərbaycan qazının 3 milyard kubmetri (838 milyon 241 min dollar dəyərində) İtaliyaya, 424 min kubmetri (1 milyon 275 min dollar dəyərində) Yunanıstana, 151 min kubmetrə yaxını isə Bolqarıstana təchiz olunub.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 7.3 milyard kubmetr ( 1 milyard 89 milyon dollar dəyərində), Gürcüstana 2 milyard 157 milyon kubmetr (268 milyon dollar dəyərində) qaz nəql edib. Başqa sözlə, Azərbaycan qazının Türkiyəyə orta ixrac qiyməti təqribən 150 dollar (min kubmetrə görə), Gürcüstana orta ixrac qiyməti isə cəmi 124 dollar təşkil edib.

Başqa sözlə, rəqəmlərdən göründüyü kimi hazırda Avropa bazarlarında təbii qazın qiyməti fantastik ölçülərdə artsa da Azərbaycan qazının orta ixrac qiyməti indiki səviyyə ilə müqayisədə xeyli aşağıdır. Yəni Azərbaycan Avropaya qaz vursa da hələ qazan doldura bilmir.

Bu nə ilə əlaqəlidir?  Dövlət Statistika Komitəsi həmin rəqəmləri təbii qazın ixracına dair gömrük-ixrac sənədlərindən götürür. İxrac qiymətləri isə indiki halda bir sıra amillərdən, o cümlədən müqavilələrin daha əvvəl-Avropada qazın qiymətinin sıçrayışla artmasından əvvəl bağlanmasından asılıdır.

Avropa birjalarında təbii qazın qiymətinin artması tendensiyası 2021-ci ilin yanvarından başladı. Dünya iqtisadiyyatı üzücü lokdaunların qismən yumşaldılması nəticəsində bərpa prosesinə daxil oldu, OPEC+ razılaşması sayəsində neftin qiymətləri sabitləşdi. Nəticədə təbii qazın qiyməti də artmağa başladı. Artıq 2021-ci ilin yanvarında qazın min kubmetrinin qiyməti Avropa birjalarında 335 dollara qalxmışdı. Elə o vaxt ekspertlər bu artımın davam edəcəyini proqnozlaşdırdılar. Çünki Asiya birjalarında təbii qazın qiyməti 1000 dollara qalxmışdı və nəticədə sıxılmış qaz ixracatçıları üçün Avropaya qaz təchizatı sərfəli olmadı.

Yazda qiymət aşağı düşdü, hər min kubmetrə qədər 250 dollara qədər gerilədi. Lakin iyul ayından etibarən yenidən artım başladı. İyulun sonlarında Avropanın yeraltı qaz anbarlarında ehtiyatların həcminin azalması barədə xəbərlərin və Asiya bazarları ilə sıxılmış qazın qiymətlərində yaranan rəqabətin təsiri ilə qiymət 500 dollara qədər sıçradı.

Avqustun əvvəllərində isə Rusiyanın Urenqoy şəhərində “Qazprom”un təbii qazın təkrar emalı zavodunda baş vermiş yanğın növbəti qiymət sıçrayışına səbəb oldu. Çünki Avropaya ixrac olunan qaz bu zavodda təmizlənirdi. Yanğın nəticəsində Yamal-Avropa qaz kəməri ilə ixrac olunan təbii qazın həcmi bir neçə gün kəskin azalmışdı. Lakin qəzanın nəticələrinin aradan qaldırılması və əvvəlki ixrac həcminin bərpa edilməsi də bazarda gərginliyi azaltmadı. Avqustun sonlarında qazın bazar qiymətləri mütləq rekord vurdu-min kubmetrə görə 600 dollar. Sentyabrın əvvəllərindən artım davam etdi və artıq 14 sentyabrda min kubmetr təbii qazın qiyməti 800 dollar səviyyəsində (970 dollar rekordunu vurandan sonra) sabitləşmişdi.

Bahalaşmaya əsas səbəb isə əvvəlki kimi, Avropanın qaz anbarlarında ehtiyatların həcminin aşağı olmasıdır. Bu vəziyyət hətta ABŞ-da da hökm sürür və analitiklərə görə indiki vəziyyət qışda havalar soyuq keçsə daha da kəskinləşəcək. Lakin noyabr-dekabr aylarında havalar nisbətən yumşaq keçsə vəziyyət sabitləşə və anbarlara daha çox qaz daxil ola bilər. Azərbaycan isə Avropadakı bahalaşmadan belə görünür ki, ən yaxşı halda gələn ildən daha çox qazanmağa başlayacaq, əgər qiymətlər indiki həddə qalsa…