
26 avqust Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevnın doğum günüdür
Mehriban Əliyeva 1964-cü ildə Bakıda tanınmış ailədə anadan olub. Atası Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.
Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
1990-cı illərin ortalarında Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradıb. Ölkənin birinci xanımı indiyədək bu fonda rəhbərlik edir. Fond Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis, rus) “Azərbaycan-İRS” jurnalını nəşr etdirir. Bu nəşrin sayəsində Azərbaycan beynəlxalq arenada təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də əksər sahələrdə – musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində şedevrlər yaratmış ölkə kimi tanınmağa başlayıb.
Mehriban xanım Heydər Əliyev Fonduna onun yaradıldığı gündən – 10 may 2004-cü ildən rəhbərlik edir. Fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsidir. Fondun işinin prioritet istiqamətləri ən müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Bura valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir.