Xəzər dənizində itkin düşmüş balıqçı Vurğun Quliyevın qızı Rəhimə Quliyeva atasının öldürüldüyünü iddia edir və axtarışlar nəticəsində xilas edilən gəmidəki digər 3 nəfər barəsində cinayət işi açılmasını tələb edir.

Şikayətçi bildirib ki, o, bununla bağlı Baş Prokurora müraciət ünvanlayıb. Müraciətin bir mətnini də saytımıza göndərən R. Quliyeva qeyd edib ki, atasının qəsdən öldürülməsindən şübhələnir: “Gəmidə olan digər 3 nəfər tapılandan sonra onlardan yalnız Valeh Babayev atamın yas yerinə gəlib. Onun da bir dediyi ilə başqa dediyi bir-birini tamamlamır.

Atam balıq ovlamaqla məşğul olub, lakin o, son 1 ildə həmin peşədə işləməyib. O,oktyabrın 2-də Neftçala rayonundan olan Əhmədov Aqil, Cəfərov Elbrus və Babayev Valehlə birlikdə Bakı şəhəri, Pirallahı rayonu ərazisindən Muradov Seyidağadan icarəyə götürdüyü (özəl) kiçik həcmli balıq ovlayan SA 16-72 bort nömrəli katerlə balıq ovlamaq məqsədilə Xəzər dənizinə çıxıb. Oktaybrın 6-da səhər saatlarında atam Vurğun qardaşımla əlaqə saxlayaraq hava şəraitinin pis olduğunu bildirib. Elə həmin gün mesaj göndərərək küləyə görə kateri dayandırdıqlarını bildirib. Bu tarixdən sonra heç birimizlə əlaqə saxlamayıb. Oktaybrın 8-də bizdə məlumat var idi ki, atamın meyiti Bakı şəhərinə bizə təhvil verilmək üçün gətirilib. Lakin axşama kimi gözlədik, nə atam gəldi, nə də ki meyiti. Bundan sonra bizə məlum oldu ki, atamla birlikdə balıq ovuna getmiş şəxslərin üçü, yəni Aqil, Elbrus və Valeh dənizdən qayıdıb, atam isə qayıtmayıb.

Oxumağa dəyər:   Qaladakı qəzada 1 ailənin 4 üzvü ölüb...

Rayona gələn Valeh və Elbrus bizim ailə üzvlərindən heç birinə nə baş verdiyini, atamın gəlməməsi səbəbi barədə məlumat verməyib. Yalnız Valeh Babayev bizim evə gələrək ayın 7-də əlverişsiz hava şəraitində katerin küləyin təsirindən aşdığını bildirdi və dedi ki, onlar 1 sutkadan artıq müddətdə suda qalıblar. İzah etdi ki, onlar katerin qabaq hissəsindəki boşluqdan yapışaraq dayanmağa çalışıblar. Amma atam qorxudan, qaranlıq hava şəraitinə dözməyərək affekt halında özünü bir neçə dəfə suya ataraq öldürmək istəyib. Valeh Babayev bildirib ki, o, suya atılaraq atamı bir neçə dəfə xilas etmək istəyib, amma sonuncu cəhdində bacarmayıb. Bir neçə gün sonra, ona çox suallar verdik. O, dediklərini danaraq ümumiyyətlə atamın dalınca getmədiyini iddia etdi.

Yəni, biz ümumiyyətlə həmin o 3 şəxsin sutka yarım suda qalmasından da şübhə edirik, çünki bu, tibbi cəhətdən mümkün deyil. Hazırda ailəmiz üçün ən vacib məsələ atamın cəsədinin tapılmasıdır. Bu məqsədlə təcili və təxirəsalınmaz axtarış tədbirlərinin təşkil olunmasıdır. Əks halda, biz heç onun cəsədini də görə bilməyəcəyik. Həmçinin atam Quliyev Vurğun Akif oğlunun ölümündə təqsirli bilinən şəxslər təcili olaraq aşkar edilsin. Biz ailə üzvlərindən heç birimiz inana bilmirik ki, atam Vurğun özünə qəsd etsin. Həmin 3 şəxsin hər biri dindirilsin. Mən və ailə üzvlərimizin hamısı əmindir ki, bu hadisə Aqil Əhmədov tərəfindən törədilib, onunla birlikdə olan Valeh və Elbrus da iştirakçıdırlar. Həmçinin kateri Aqilə müvəqqəti icarəyə vermiş Muradov Seyidağa da bu hadisədə tam məlumatlıdır”.

Oxumağa dəyər:   "İnsanlar qapısı açıq avtobusdan acımış xəmir kimi daşırlar" - Fotolar

Qeyd edək ki, axtarış tədbirləri ilə bağlı Fövqəladə Hallar Nazirliyi də həftəsonu açıqlama yayıb. Məlumatda bildirilir ki, 8 oktyabrda Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir. Hadisə ilə əlaqədar Qazaxıstan Daxili İşlər Nazirliyinə, Rusiya Fövqəladə Hallar Nazirliyinə və Türkmənistan Müdafiə Nazirliyinə Fövqəladə Hallar Nazirliyi tərəfindən müraciət olunub. Həmçinin, xilas olunmuş 3 nəfər balıqçıdan biri hadisə yerinin bir daha dəqiqləşdirilməsi məqsədilə helikopterdə axtarış-xilasetmə işlərinə cəlb olunub.

Axtarışlar nəticəsində “ABA1074” seriyalı kiçik həcmli motorlu qayıq yararsız hala düşmüş vəziyyətdə tapılıb, lakin ərazidə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

“Qafqazinfo” məsələ ilə bağlı ittiham olunan şəxs Aqil Əhmədovla danışmaq üçün onun əlaqə nömrəsini əldə edib. Lakin adıçəkilən şəxsin telefonuna zəng çatmayıb. Quliyevlər ailəsi Əhmədovun telefonu sözügedən hadisədən sonra qəsdən söndürdüyünü desə də, telefonun hadisə baş verən gün dənizə düşməsi səbəbindən sönməsi faktı da istisna edilmir.

Oxumağa dəyər:   Kaliforniyada atışma nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb - FOTO

 

İstinadlar Qafqazinfo