ABŞ prezidenti Cozef Bayden öz oğlunu əfv edib. Xanter Bayden qanunsuz silah saxlama və vergidən yayınma cinayətlərinə görə ittiham olunurdu. Əgər bu ittihamlar üzrə məhkəmə prosesi məntiqi sonluğuna çatsaydı, Xanter Baydeni 25 il həbs cəzası və 750 min ABŞ dolları məbləğində cərimə gözləyirdi.
Amma ata ürəyi dözmədi; Prezident Bayden əlində olan səlahiyyətdən istiadə edərək oğlunun törətdiyi cinayətləri bağışladı.
Yəni olan şeydir. 54 yaşlı “uşaq” neynəyib ki?! Cəmi-cümlətanı 1,4 milyon dollar məbləğində vergi qaçaqçılığına, bir də qanunsuz yolla əldə edilmiş revolverə görə də adam tutarlar?! Həm də Baydenin oğlu Baydeni…
Prezident deyir ki, yəqin “Amerika xalqı onu başa düşər”.
Atanın oğulu bağışlamağını, əlbəttə, hamı başa düşür. Amma prezident atanın cinayətdə ittiham olunan oğlunu əfv etməsi bir az çətin anlaşılır. Asanlıqla həzm olunmur. Ən azı iki səbəbə görə, birincisi, oğul Bayden elə özü vergidən yayındığını da, qanunsuz silah əldə etdiyini də bir ifadəsində boynuna almışdı. Hərçənd başqa ifadəsində bunları danmışdı.
Deməli, “möhtərəm”in müttəhim oğlu iki haldan birində istintaqa yalan danışıb. Co Bayden isə deyir ki, o özü (prezident olaraq) Amerikanın ədliyyə sisteminə inanır.
Ata ədliyyə sisteminə inanır, oğul həmin sistemi aldadır.
Bəs Amerika ədliyyə sistemi bu ata-oğulun səmimiyyətinə nə dərəcədə inanır?
Oğul müttəhim kimi ziddiyytli ifadələr verib, ata da prezident kimi bu cür “ziddiyyətli” oğulu əfv edib, üstəlik də deyir ki, Amerika xalqı onu başa düşər. Çünki, prezidentin dediyinə görə, bu, onun “rəqiblərinin basqısı altında” baş vermiş “məhkəmə səhvi” olub.
Ata Baydenin dediyindən belə çıxır ki, seçilmiş prezident Donald Tramp hələ, sadəcə, keçmiş prezident Donald Tramp olduğu zaman, yəni müxalifətdəykən, Amerikanın ədliyyə sisteminə təzyiq edib, prezidentin oğlunu tutdurmaq istəyib. Halbuki Tramp seçki kampniyası dövründə vəd etmişdi ki, prezident seçilsə, Xanter Baydeni əfv edəcək. Sual yaranır: əfv edəcəyi adamı Tramp niyə tutdurmaq istəsin ki?!
Alın, bu da daha bir ziddiyyət.
Məsələnin ikinci tərəfinə gəlincə, gerçək budur ki, əksinə elə ata Bayden Donald Trampın özünü tutdurmaq istəmişdi. Tramp haqqında bir neçə cinayət işi qaldırılmışdı. Bəziləri üzrə keşmiş prezident kimi immunitet qazansa da, bir çox maddələr Trampa yüzlərlə il məhkumluq vəd edirdi.
Səlahiyyətlərindən istifadə (ya da sui-istifadə) edərək öz oğlunu 25 illik həbsdən qurtaran ata prezident siyasi rəqibini bundan ən azı 4-5 dəfə çox müddətə məhkum etdirmək istəmişdi. Bu cür ziddiyyətli prezidenti Amerika xalqı başa düşəcəkmi?! Yaxud necə başa düşəcək?
Bunlar da artıq başqa müəmmalardır. Amma aydın həqiqət bircə budur ki, Amerika xalqı ata Baydeni başa düşmədi; Trampı türməyə deyil, Ağ Evə gpndərmək qərarı verdi. Amerika ədliyyə sistemi isə Tramp üzərindən bütün ittihamları götürdü; onunla bağlı cinayət işləri bağlandı. İndi Co Baydenin siyasi rəqibinə qarşı Amerika ədliyyə sistemindən bir alət kimi istifadə etmək cəhdini kim necə başa düşsün?! Üstəlik oğlunu cəzadan yayındırmasını da. Həm deyir: “Ədliyyə sisteminə inanıram”, həm də deyir ki, məhkəmə rəqibin basqısı altında “səhv qərar verib”.
Belə bir paradoks alınır: əgər ədliyyə sistemi müxalifətdə olan keçmiş prezidentin basqısına dözməyib, oğul Bayden haqqında “səhv”, yəni qanunsuz qərar çıxaracaq qədər qeyri-obyektivdirsə, o zaman deməli, əlində hakimiyhət səlahiyyətləri olan səlahiyyətləri olan prezidentin basqısı ilə daha çox və daha ağır “səhv”lərə yol verib.
Bunu Tramp əleyhinə təqiblər də sübut edir; adama qarşı birdən-birə bir neçə ittihamla cinayət işi açılır, sonra o, prezident seçilən kimi hamısı ləğv edilir. Belə alınır ki, Ədliyyə Nazirliyi bunları siyasi sifarişlə edibmiş. O zaman Bayden bu ədliyyə sisteminə necə inanır?! Ən əsası, Amerika xalqı bu qədər paradoksu eyni vaxtda və bir udumda necə başa düşsün?! Ümumiyyətlə, niyə başa düşsün?!
Amerika xalqı konkret bu halda bircə şeyi başa düşür: ata-oğul birlikdə ölkənin tərifli hüquq sistemini ya ələ salırlar, ya da qəsdən gözdən salırlar. Başqa dövlətlərə qanunun aliliyindən, hamının qanun qarşısında bərabərliyindın, məhkəmələrin müstəqilliyindən illər boyu “dərs keçmiş” prezidentin özünü heç kim heç cür başa düşmür. Ortada siyasi korrupsiya faktı var. Hakimiyyət uğrunda mübarizədə rəqibə qarşı siyasi repressiya üçün hüquqi alətlərdən qanunsuz olaraq istifadə faktı var.
Amerika xalqını deyə bilmərəm, bu olanlardan mənim başa düşdüyüm budur. Əgər Baydenin dediyini “səhv” başa düşməmişəmsə…
P.S. Bəs deyirdilər, Amerikada vergi öhdəliyi müqəddəsdir! Yoxsa ata-oğul Baydenlər üçün müqəddəs heç nə yoxmuş?!
Bahəddin Həzi, Bizimyol.info