Azərbaycanın bal ixrac etmək üçün potensialı böyük olsa da, balımız dünya bazarında hələ yerini tapmayıb.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin sədri Bədrəddin Həsrətov bildirib.

Onun sözlərinə görə, ötən il ölkədə tələbatdan təxminən 2 min ton çox – 8 min ton arıçılıq məhsulları, o cümlədən bal istehsal edilsə də, artıq qalmış məhsulları xarici ölkələrə satmaq mümkün olmayıb: “Odur ki, Azərbaycan balının xarici bazarlarda tanıdılması üçün kompleks tədbirlərin görülməsinə ehtiyac var. Bal ixracı təşviq edilməli, hədəf ölkələr müəyyənləşdirilməli, balımız beynəlxalq sərgilərdə tanıdılmalıdır. Bu isə ancaq dövlət qurumlarının dəstəyi ilə ola bilər. Hal-hazırda Birləşmiş Ərəb Əmirliklərində və digər ərəb ölkələrində balın 1 kiloqramı 100 ABŞ dollarına satılır. Azərbaycan balı təbiiliyinə və keyfiyyətinə görə dünyada ən yaxşılardandır. Onun ixracı təşviq edilsə, ölkəyə valyuta gətirən məhsul ola bilər”.

Bundan başqa, Assosiasiya sədri təklif edib ki, Azərbaycana bal idxalı məhdudlaşdırılsın: “Xaricdən keyfiyyətsiz məhsullar bazara daxil olur. Bununla bağlı biz aidiyyəti qurumlara məktub hazırlayırıq. Dekabrın 22-də Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə görüşdük, mağazalarda satılan saxta ballarla bağlı müzakirələr apardıq. Bu yaxınlarda agentlik ticarət şəbəkələrində satılan 9 istehsalçıya məxsus 27 bal məhsulunun partiyasında uyğunsuzluqlar müəyyən edib”.

B.Həsrətovun sözlərinə görə, 2024-cü ildə olduğu kimi, 2025-ci ildə də Azərbaycanda arıçılıq məhsullarının istehsal həcmi bol olacaq: “Bir neçə ildir ki, arıçılıq təsərrüfatları Qarabağa köçürülür. Ötən il 200 min arı ailəsi köçürülüb. Bu da məhsuldarlığa müsbət təsir göstərir. Bu ərazilərə köçürülən arı ailələrin sayı ilbəil artır. Sevindirici haldır ki, artıq Qarabağda arıçılar öz mağazalarını açırlar”.

O, arıçılıqdakı problemlərə də diqqət çəkib: “Arılarda bir sıra xəstəliklər var, onlardan ən kəskini gənədir. Ötən mövsümün sonunda isti ölkələrdə geniş yayılan “Phytoptus avellanae” adlanan gənə ölkədə yayılıb. Onlar arı balaları ilə qidalanır, sürətlə çoxalır. Bizim üçün böyük problemdir. Bunun yayılmasının qarşısını almaq üçün arıçılarla mütəmadi görüşlər keçiririk. Mübarizə tədbirləri, problemin həll yolları müzakirə edilir”.

İstinadlar Report