Ukraynadakı şəhərlərin dağıdılmış su təchizatının 75 %-i bərpa edilib.

Bunu “Report”un Şərqi Avropa bürosuna Ukraynada su təsərrüfatına cavabdeh “Ukrvodokanalekologiya” assosiasiyasının prezidenti Dmitro Novitskiy bildirib.

Onun sözlərinə görə, Rusiyanın ötən gün endirdiyi zərbələrdən sonra demək olar ki, bütün Ukrayna ərazisində su kəsintisi zamanı çox mürəkkəb vəziyyət yaranmışdı:

“Lakin su təchizatının kəsildiyi şəhərlər bu problemi generatorlar vasitəsilə həll etməyə çalışıb. Sumı, Lvov, Dnepr, Odessa, Vinnitsa, Çerniqov və sair şəhərlərdə su təchizatının bərpası işləri aparılır. Generatorların olduğu ərazilərdə bunun vasitəsilə su təchizatını bərpa etməyə çalışırıq. Bu ərazilərdə əsasən artezian quyulardan istifadə olunur. Su təmiz su çənlərinə toplanılıb. Buradan isə su maşınları ilə şəhərlərə daşınıb”.

D.Novitskiy deyib ki, bəzi ərazilərdə mərkəziləşdirilmiş istilik sistemləri vasitəsilə binaların heç olmasa birinci mərtəbələrinə su təchizatı bərpa edilib:

“Məsələn, qismən Jitomirdə, Lvovda generatorlar vasitəsitəsilə binaların birinci mərtəbələri su ilə təmin olunub. Birinci mərtəbələrə suyun verilməsinin əsas məqsədlərindən biri buradakı sudan yanğın söndürülməsi zamanı istifadə edilə bilinməsidir. Bu, mümkün bombardmalar zamanı aktual məsələyə çevrilir. Bir sözlə, şəhərlərin bir qismi su təchizatını generatorlar vasitəsilə təmin edib”.

Assosiasiya prezidenti qeyd edib ki, kifayət qədər generatorların olmadığı şəhərlərdə problemlər var:

“Məsələn, Donbas ərazisində. Yəni, cəbhə xəttinə yaxın ərazilərdə problemlər daha çoxdur”.

İstinadlar Report