Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti və Naxçıvan Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Imzalanan Anlaşma Memorandumu “ASAN Xidmət” və iki universitet arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” sənəddir.

Anlaşma Memorandumunu Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Naxçıvan Dövlət Universitetinin Elbrus İsayev imzalayıblar.

Qeyd edək ki, BP şirkəti və Türkiyənin “Bilişim Vadisi” ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramına ilkin mərhələdə 47 komanda qeydiyyatdan keçib, onlardan 30-u seçilib və 10 komanda proqramda iştirak hüququ qazanıb. Proqram müddətində türkiyəli mütəxəssislər tərəfindən müxtəlif sahələrdə təlimlər təşkil edilib.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.