Ermənistan KİV-ləri “Laçın dəhlizi”nə çəkilən alternativ yol mövzusunu gündəmdə saxlamağa davam edir.
“Hraparak” qəzeti yenidən bu məsələdən geniş şəkildə bəhs edib.
Qəzet Qarabağdakı erməni mənbələrinə istinadən yazır ki, separatçıların başçısı Arayik Arutyunyan bir neçə gündür Moskvada “səfərdə”dir. A.Arutyunyanın Moskvaya səfərində əsas məqsəd Kremldən Laçının Zabux kəndində qanunsuz yaşayan ermənilərin taleyi barədə suala cavab almaqdır.
Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın şəhərindən yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol 2023-cü ilə kimi hazır olmalıdır.
Yeni yol istifadəyə veriləndən sonra “Laçın dəhlizi”nə nəzarət edən Rusiya sülhməramlı kontingentinin yeri dəyişdiriləcək. Rusiya hərbçiləri “Laçın dəhlizi”ndən çıxarılıb yeni yolda yerləşdiriləcək.
Nəticədə Laçın şəhəri, habelə 200-dən çox erməninin qanunsuz məskunlaşdığı Zabux qəsəbəsi  Azərbaycan tərəfinin nəzarətinə keçəcək.


“Hraparak” yazır ki, Moskvaya gedən Arayik Arutyunyanın istəyi Kremldən Rusiya sülhməramlılarının “Laçın dəhlizi”ndə saxlanmasını, qanunsuz erməni miqrantların Zabuxda qalmasını xahiş etməkdir. Separatçıların başçısının digər məqsədi Ermənistandan Xankəndiyə gələn işıq və qaz xətləri ilə bağlı məsələyə aydınlıq gətirməkdir. Məsələ burasındadır ki, köhnə xətlər “Laçın dəhlizi” boyunca uzandığından həmin ərazilərin tezliklə Azərbaycanın nəzarətinə keçəcəyi separatçıları bərk təşvişə salıb.
Qeyd edilir ki, A.Arutyunyan Ermənistandan Xankəndiyə ayrıca elektrik və qaz kəmərlərinin çəkilməsini və onların da yeni yol kimi Rusiya sülhməramlılarının nəzarətinə verilməsini xahiş etməyə çalışır.
Yeni yol Ermənistanın Zəngəzur bölgəsinin Kornidzor kəndindən başlayacaq, Azərbaycanın Laçın rayonunun Qayğı qəsəbəsindən keçərək dağlarla Xankəndiyə çatacaq.
“Hraparak” yazır ki, A.Arutyunyandan fərqli olaraq Ermənistan hakimiyyəti və İrəvandakı iqtidaryönlü dairələrin məsələ ilə bağlı səssiz qalması Zabuxda məskunlaşdırılan ermənilər arasında çaxnaşmanı daha da artırıb.


“Bəzi ailələrin kəndi tərk etmək niyyətində olduğunu yazmışdıq. Bu panikaya baxmayaraq, Paşinyan hökumətinin səssiz qalması Zabuxun Azərbaycan tərəfinin nəzarətinə verilməsinə razılaşdığı barədə şübhələri dərinləşdirir”, – “Hraparak” qeyd edib.
Məlumata görə, Qarabağ separatçıları qısa müddətdə ermənilərin Zabuxu boşalda biləcəyini nəzərə alaraq, məsələni tez bir zamanda öz xeyrinə dəyişməyə çalışır. Bu məqsədlə bir neçə gün öncə Xankəndidə separatçıların rəhbərləri Araik Arutyunyan və Vitali Balasanyan geniş tərkibdə iclas keçirib. Əsas müzakirə məsələsi “Laçın dəhlizi”nə alternativ yol və Zabux qəsəbəsi olub. Məlumata görə, Araik Arutyunyan və Vitali Balasanyan tabeliklərindəki separatçı rəhbərlərə bir sıra tapşırıqlar veriblər. Amma bu tapşırıqların nələr olduğu açıqlanmayıb.
Zabux kəndindəki erməni icmasının rəhbəri Andranik Çavuşyan isə qəzetə bildirib ki, Ermənistan hakimiyyətinin susqunluğu onların əndişəsini çox artırıb.


“Bizim səlahiyyətlilər uzun müddətdir danışmırlar, onların həqiqətən də kəndi təhvil vermək istəyi ola bilər, bizim camaatın isə belə bir istəyi yoxdur, getməyəcəyik. Ağavno (ermənilər Zabuxa belə deyirlər-red.) sakinlərinin çoxu evlərini tərk etməyəcək”, – Andranik Çavuşyan bildirib.
Bununla yanaşı o, Zabuxdan Ermənistana köç başlandığını da gizlətməyib və deyib ki, gedənlərin geri qayıdacağı da mümkündür.
Qeyd edək ki, Ermənistan-Azərbaycan sərhəddinə yaxın ərazidə, Zabux çayının sahilində yerləşən bu kənd Rusiya sülhməramlılarının nəzarət etdiyi “Laçın dəhlizi”ndədir. Ermənilər Zabuxu “Ağavno” adlandırırlar. Hazırda burada 200-ə yaxın erməni qeyri-qanuni şəkildə yaşamağa davam edir. Bunlar əsasən Livan, Suriya, Rusiya, İraqdan köçüb gəlmiş ermənilərdi.
Livanlı erməni biznesmenlər 2013-cü ildə Gorus-Xankəndi avtomobil yolunun üzrərindəki Zabux kəndində qanunsuz olaraq yeni qəsəbə salıblar. Livanlı erməni biznesmenlərə məxsus “Ari” fondunun maliyyəsilə salınan qəsəbədə 150-dən çox ev tikilib.

İstinadlar Modern.az