Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş arasında görüş keçirilib.

Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşdə daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Həmçinin Azərbaycan Respublikasının Belarus Respublikasının qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyinin tanınması və baytarlıq preparatlarının birgə istehsalı üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Belarusla əməkdaşlıq çərçivəsində imzalanmış, eləcə də imzalanması nəzərdə tutulan sənədlər nəzərdən keçirilib, müvafiq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

AQTA-da keçirilən görüşdən sonra Belarusun kənd təsərrüfatı və ərzaq naziri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. S.Bartoş iş prinsipini öyrənmək məqsədilə İnstitutun laboratoriyalarına baxış keçirib. Qonaq sınaqların həyata keçirildiyi laboratoriyalara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıb. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Laboratoriyalara baxış keçirildikdən sonra jurnalistlərə açıqlama verən Belarusdan olan nazir AQTİ-də laboratoriya sisteminin peşəkarlıqla qurulduğunu vurğulayıb. Həmçinin müvafiq müayinələrin yüksək səviyyədə aparıldığını bildirib.

İstinadlar Report