BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Aqrar Tədqiqatlar Mərkəzi (ATM) və Kənd Təsərrüfatı üzrə Amerika Əməkdaşlıq İnstitutu (IICA) arasında Anlaşma Memorandumu imzalana bilər.
Bu barədə IICA-nın xarici və institusional əlaqələr direktoru Beverli Best Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) rəhbərliyi ilə görüşü zamanı bildirib.
Gələcək əməkdaşlıq məsələlərinin müzakirə olunduğu onlayn görüşdə Mərkəzin direktoru Rəşad Hüseynov, direktor müavini Namiq Şalbuzov, IICA-nın rəqəmsal platforması olan Aqro-ərzaq Sistemləri üzrə Dövlət Siyasəti Observatoriyasının (OPSAa) koordinatoru Hoakin Arias, iqtisadiyyat üzrə mütəxəssisi Evgeniya Salazar, IICA-nın xarici və institusional əlaqələr direktoru Beverli Best və IICA-nın ABŞ-dəkı nümayəndəsi Marqaret Zieqler iştirak ediblər.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Azərbaycanda kənd təsərrüfatı sektoruna göstərilən dövlət dəstəyi barədə qısa məlumat verib. Onun sözlərinə görə, ölkədə kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar: “Digər tərəfdən, kənd təsərrüfatı istehsalçıları subsidiya alır, aqrar kreditlərdən, dövlət dəstəyi mexanizmli aqrar sığorta sistemindən, vergi və gömrük güzəştlərindən yararlanırlar”.
OPSAa-nın tədqiqat sahəsində kifayət qədər böyük işlər gördüyünə, kənd təsərrüfatı və dövlət siyasəti sahəsində geniş təcrübəyə malik olduğuna diqqət çəkən direktor gələcəkdə iki qurum arasında qarşılıqlı faydalı əlaqələrin mümkünlüyünü qeyd edib.
OPSAa-nın koordinatoru Hoakin Arias bildirib ki, OPSAa Amerika qitəsində kənd təsərrüfatı və aqro-ərzaq sistemləri, bu sahədə dövlət siyasəti sahəsində qarşılıqlı əlaqələr, bilik, təcrübə və məlumat mübadiləsini təmin edən platformadır. OPSAa-nın şəbəkələrin qurulması, dövlət siyasətinin sistemləşdirilməsi, dialoq və şəbəkə üçün analiz vasitələri, məlumat bazaları və məlumatların emalı, onlayn platformaların yaradılması, tematik siyasət sahələri, siyasi çərçivələrin və dövlət xərclərinin xəritələşdirilməsi, faktiki məlumatların ümumiləşdirilməsi üçün xəritələrin hazırlanması sahəsində geniş təcrübəyə malik olduğunu deyən H. Arias hazırda qida təhlükəsizliyi və dayanıqlı inkişaf üçün bir sıra ölkələrlə əməkdaşlıq etdiklərini vurğulayıb.
IICA-nın ABŞ-dəkı nümayəndəsi Marqaret Zieqler deyib ki, özünün də təmsil olunacağı böyük bir komanda bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-da iştirak edəcək. IICA Sessiya çərçivəsində Bakıda dayanıqlı kənd təsərrüfatı və aqro-ərzaq sistemləri ilə bağlı da bir sıra görüşlər keçirməyi nəzərdə tutur.
IICA-nın xarici və institusional əlaqələr direktoru Beverli Best əməkdaşlığın rəsmiləşdirilməsi üçün ATM və IICA arasında nəzərdə tutulan Anlaşma Memorandumunun COP29 günlərində imzalanmasını təklif edib.