“Antiterror əməliyyatları çox peşəkarlıqla aparıldı və yalnız legitim hərbi hədəflər məhv edildi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, Ermənistan 30 illik işğalçılıq siyasəti dövründə bütün humanitar qaydaları pozaraq bu yöndə bütün beynəlxalq konvensiyaları, humanizm prinsiplərini tapdalayıb: “1992-ci ildə törədilmiş Xocalı soyqırımı, mülki insanların kütləvi qətliamı, işğal olunmuş ərazilərdə bütün mülki infrastrukturun dağıdılması, yaşayış məntəqələrinin yer üzündən silinməsi erməni vandalizminin bariz nümunələridir. 44 günlük Vətən müharibəsində də erməni tərəfi beynəlxalq humanitar hüququ pozaraq döyüşlərin getdiyi ərazidən uzaqda yerləşən yaşayış məntəqələrinə hücum edərək 100-dən çox mülki insanı qətlə yetirib. Gəncə, Bərdə, Tərtər şəhərlərinə terror hücumu, eləcə də Mingəçevir şəhərinin, Xızı rayonunun raket hücumuna məruz qalması da deyilənləri təsdiqləyir”.

F.Yıldırım bildirib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də 24 saatlıq antiterror əməliyyatı zamanı bütün humanitar qaydalara əməl edib: “Məlumdur ki, sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri təslim olmağa məcbur edildi. Cəmi bir sutka ərzində “ağ bayraq” qaldırıldı. Antiterror əməliyyatları çox peşəkarlıqla aparıldı və yalnız legitim hərbi hədəflər məhv edildi. Bu tədbir zamanı mülki əhali və obyektlər heç bir zərər görmədi. Bu, bir daha dövlətimizin humanizm siyasətinə sədaqətindən xəbər verən amillərdəndir”.

Milli Məclisin üzvü vurğulayıb ki, antiterror əməliyyatları başlayan gün – sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Qarabağ ermənilərinə müraciət edərək mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdı: “Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilib və məlumat vərəqələri paylanılıb. Həmçinin qeyd olunmuşdu ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Belə də oldu. Bu faktlar humanizmin növbəti göstəricisidir. Bununla yanaşı, mülki erməni əhalisi üçün humanitar yardımlar da göstərilmişdi”.

İstinadlar Report